Donald Trampla bağlı daha bir yanlış məlumatın üstü açılıb. Bir sıra KİV-lər Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın xahişi ilə Ağ Ev rəhbərinin Yunanıstandakı ABŞ hərbi bazasını ləğv etdiyi barədə məlumatlar yaymışdı. Lakin ABŞ prezidenti dünən jurnalistlərlə görüşündə bu məlumatı təkzib edib. O bildirib ki, ABŞ ordusu Rusiya və Türkiyənin tələbi ilə Yunanıstandakı hərbi bazasını tərk etməyi planlaşdırmır. Jurnalistlər ondan ABŞ ordusunun Yunanıstandakı hərbi bazasını tərk edəcəyi ilə bağlı yayılan məlumatı şərh etməyi xahiş etdikdə Tramp otaqda olan ABŞ Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqsetə baxaraq deyib: “Belə deyil. Bu, yanlış məlumatdır”.
Mətləb Salahov