Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyəti ağır olaraq qalır. Müqəddəs Taxt-Tacın mətbuat xidməti bu barədə məlumat yayıb. Açıqlamada deyilir ki, Pontifikin vəziyyəti kritikdir, lakin o, dünən axşamdan bəri başqa heç bir tənəffüs böhranı keçirməyib. "Papaya əlavə iki dəfə qan köçürülüb və bu, hemoqlobinin səviyyəsinin yüksəlməsinə səbəb olub. Onun trombositopeniyası (aşağı trombosit sayı) stabil qalıb, lakin bəzi qan analizləri yüngül böyrək çatışmazlığının başladığını göstərir və hazırda vəziyyət nəzarət altındadır. Papa burnundan yüksək axınlı oksigen qəbul edir. Şüuru yerindədir və ətrafdakılarla yaxşı ünsiyyət qurur. Klinik mənzərənin mürəkkəbliyi səbəbindən xəstəliyin gedişatını gözləmək lazımdır”, - açıqlamada belə bildirilir.
Mətləb Salahov