"Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir". Bunu Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Trampın Zelenski ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Həqiqət belədir: Zelenski Ukraynanın seçilmiş lideridir. Müharibə zamanı seçkilərin keçirilməsinin imkansız olması faktı Ukraynanın Konstitusiyasına və seçki qanunvericiliyinə uyğundur. Heç kim bunun əksini sübut etməməlidir” – deyə Şolts qeyd edib.
Almaniya kansleri bildirib ki, Ukraynada müharibəni Putinin rəhbərliyi ilə məhz Rusiya başladıb: “Ukrayna artıq üç ilə yaxındır ki, özünü Rusiyanın amansız təcavüzkar müharibəsindən müdafiə edir. Birinci gündən bu günə qədər”.
Böyük Britaniyanın Baş naziri Kir Starmer də telefon danışığı zamanı Zelenskiyə müharibə zamanı seçkilərin təxirə salınmasının tamamilə doğru olduğunu deyib.
“Baş nazir Ukraynanın demokratik yolla seçilmiş lideri kimi prezident Zelenskiyə dəstəyini ifadə edib və bildirib ki, Böyük Britaniyanın İkinci Dünya Müharibəsi zamanı etdiyi kimi, müharibə zamanı seçkilərin təxirə salınması tamamilə doğru qərardır” – deyə Britaniya Baş nazirinin ofisindən bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp sosial şəbəkədə yazıb ki, Ukrayna Prezidenti Zelenski seçilməmiş diktatordur və o, tez hərəkət etməlidir, əks halda artıq ölkə qalmayacaq.
TAHİR