Ukrayna prezidenti Vladimir Zelenski fevralın 19-da keçirdiyi mətbuat konfransında Ukraynada prezident seçkilərinin keçirilməsini tələb edən ABŞ prezidenti Donald Trampa cavab verib. “Əgər kimsə məni indi əvəzləmək istəsə, o zaman bu, alınmayacaq”, - deyə Zelenski bildirib.Ukrayna prezidenti əlavə edib ki, Trampın onun haqqında etimad reytinqinin 4% qiymətləndirilməsi ilə bağlı fikirləri Rusiyadan gələn məlumatlara əsaslanır: “Biz bunu başa düşürük və bu rəqəmlərin Amerika ilə Rusiya arasında müzakirə olunduğuna dair sübutlarımız da var”. Zelenski müharibəni “ərazi bütövlüyünün pozulması” və “münaqişə” adlandıraraq Rusiyaya qarşı “siyasətini yumşaltdığını” söyləyən Tramp administrasiyasını qınayıb. Zelenski onu da qeyd edib ki,Ukrayna müharibənin müharibə adlandırılmasını təmin etmək üçün “hər şeyi edir”. Qeyd edək ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu fevralın 19-da bildirib ki, fevralın 4-dən 9-dək keçirilən sorğuya əsasən, ukraynalıların 57%-i Vladimir Zelenskiyə inanır, 37%-i isə inanmır. ABŞ prezidenti Donald Tramp isə fevralın 18-də Zelenskinin reytinqinin 4% olduğunu bildirib, və Ukraynada yeni prezident seçkilərinin keçirilməsinə çağırıb.
Surxay