Rusiyada yüksək rütbəli hərbi məmurları hədəf alan korrupsiya əməliyyatları səngimək bilmir. Sonuncu qurban Rusiya Milli Qvardiyasının (Rosqvardiya) general-mayoru Konstantin Ryabıx olub.
Məlumata görə, külli miqdarda rüşvət almaqda ittiham edilən “Rosqvardiya”nın departamentlərindən birinin keçmiş rəisi olan Ryabıx barəsində qətimkan tədbiri seçilib. General Ryabıx 15 milyon rubl (təxminən 165 min dollar) rüşvət almaqda ittiham edilir.
“Rosqvardiya”nın mətbuat xidməti Ryabıxın saxlanıldığını RBC-yə təsdiqləyib və bildirilib ki general korrupsiyaya qarşı mübarizə tədbirləri zamanı saxlanılıb.
Hüquq-mühafizə orqanlarından TASS-a məlumat verilib ki, Ryabıx bir neçə gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, tutduğu vəzifədən azad edilib. Ryabıx Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə şübhəli bilinir. Sözügedən maddə ilə maksimum 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ryabıx əvvəllər Daxili İşlər Nazirliyinin 3910 saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışıb. Bölmənin vəzifəsi ictimai asayişin qorunmasında polisə dəstək olmaq idi. Lakin 2017-ci ildə bölmə ləğv edilib və Ryabyx ləğvetmə prosesində mühüm rol oynayıb.
TAHİR