ABŞ prezidenti Donald Tramp Ukraynanın gələcəkdə Rusiyanın bir hissəsi ola biləcəyini deyərək ABŞ-ın bu ölkəyə verdiyi maliyyə yardımını geri almaq istədiyini bildirib.
"Onlar nadir elementlər, neft və təbii qaz üçün son dərəcə qiymətli torpaqlara sahibdir. Biz yüzlərlə milyard dollar xərcləyirik və mən bu pulun zəmanət altına alınmasını istəyirəm. Onlar sövdələşməyə gedə də bilər, getməyə də. Bir gün Rusiya ola da, olmaya da bilərlər, amma bizim orada pulumuz var və mən bunu geri istəyirəm", - Tramp deyib.
ABŞ-ın Ukraynaya maliyyə dəstəyini davam etdirə bilməyəcəyini açıq şəkildə Kiyevə çatdırdığını vurğulayan Tramp, onlara saziş təklif etdiyini deyib: "Mən onlara 500 milyard dollar dəyərində nadir torpaq elementlərilə bağlı müqavilə bağlamalı olduğumuzu söylədim və onlar bunu qəbul etdilər. Ən azından özümüzü axmaq kimi hiss etmirik. Əks halda, axmaq olardıq".
Trampın xüsusilə Ukraynanın “bir gün Rusiyanın bir parçası olacaq” sözləri Kreml tərəfindən müsbət, Kiyev tərəfindən isə etirazla qarşılanıb. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynanın əhəmiyyətli bir hissəsinin Rusiya olmaq istəməsi faktdır. Moskvadan fərqli olaraq Kiyevdən gələn reaksiyalar sərt olub. Ukrayna əsgərləri və xalqı Trampın sözlərinə qarşı çıxıb və “Ukrayna heç vaxt Rusiya olmayacaq” mesajını veriblər.
TAHİR