“Keyfiyyətsiz bir dərmandan zəhərlənmə dərman təhlükəsizliyi prinsiplərinin pozulmasıdır və buna görə şirkətlər, firmalar məsuliyyət daşıyır”
Statistik məlumatlara görə, bu gün dünyanın hər yerində insanlar bir il ərzində milyon tonlarla müxtəlif kimyəvi dərman preparatları qəbul edir. Məsələn, ABŞ-da əhalinin gün ərzində qəbul etdiyi “Aspirin”in çəkisi 20-30 tonla ölçülür. Ancaq dərmanların qəbulu heç də həmişə effekt vermir. Misal göstərdiyimiz elə bu ölkədə dərmanlar hər il 125 min insanı öldürür. Dərman zəhərlənmələrinə, eləcə də bu zəhərlənmələr nəticəsində baş verən ölüm hadisələrinə dünyanın müxtəlif ölkələrində rast gəlinir. Həmçinin ölkəmizdə də dərmandan zəhərlənmə halları baş verir. Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-oktyabr (oktyabrın hazırkı dövrünə qədər) ayları ərzində 139 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov media nümayəndələrinə açıqlamasında deyib ki, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 19-u uşaq olub. A.Maqsudov bildirib ki, bu il ərzində, 20-si uşaq olmaqla, 116 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib. Maraqlıdır, dərman zəhərlənmələrinin artmasının səbəbi preparatların keyfiyyətsiz olması ilə bağlıdır, yoxsa xəstələrin səhlənkarlığı ilə? Professor, tibbi ekspert Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, hər bir dərman preparatı zəhərlənməyə səbəb ola bilər: “Dərman dozadan artıq qəbul ediləndə zəhərdir, toksik maddədir. Burada iki kateqoriyalı məsələni ayırd etmək lazımdır. Birinci kateqoriyalı məsələ odur ki, dərmanlardan zəhərlənmə qəsdənmi baş verir? Yəni xəstə bilərəkdən çoxlu sayda həb qəbul edərək özünə qəsd edir, yoxsa sadəcə, normal dozanı qəbul edib zəhərlənir? Bu ikisi fərqli-fərqli şeylərdir. Biri kriminal haldır, digəri isə dərmanlarla bağlı baş verən haldır. Ola bilər ki, dərman maddəsinin keyfiyyət parametrləri aşağıdır və həmin dərman maddələri qəbul olunduqda zəhərlənmə baş verir. Mümkündür ki, həmin həblərin tərkibindəki dərman əlavəsi və sair aşağı keyfiyyətdə olsun. Məsələn, bəzən bu əlavə ağır metal duzlarından və sair ibarət olur, ondan da zəhərlənmə baş verir. Bu, bir variantdır. Digər variant isə odur ki, dərman vasitəsini xəstə müalicə məqsədi ilə qəbul edir və zəhərlənir. Yəni bu da dərman vasitəsinin yad təsirindən qaynaqlanır. İstənilən halda, dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr, əlbəttə ki, ciddi araşdırılmalıdır. Bu dərman maddələrini gətirən firmalar, onun istehsal olunduğu yer, bütün bu məsələlər ciddi araşdırılmalıdır və məsuliyyət daşıyan şəxs cəzalandırılmalıdır. Amma bir insan özünə qəsd etmək üçün bunu edirsə, artıq bu başqa araşdırılmalı məsələdir. Amma keyfiyyətsiz bir dərmandan zəhərlənmə dərman təhlükəsizliyi prinsiplərinin pozulmasıdır və buna görə şirkətlər, firmalar məsuliyyət daşıyır. Təəssüflər olsun ki, bu məsələlər müəyyən korporativ maraqlara görə araşdırılmır”.
Günel CƏLİLOVA