Son illər intensiv olaraq “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan xalqının ənənəvi tətbiqi sənət növü olan xalçaçılığın inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Bildiyimiz kimi, Azərbaycanın bir sıra rayon və yaşayış yerlərində “Azərxalça” tərəfindən bir sıra toxuculuq sexləri açılıb və burada müxtəlif xalça məktəblərinə aid olan xalçalar toxunulur.
“Azərxalça” ASC-nin rəhbəri, professor Vidadi Muradov mətbuata ASC-nin filiallarında toxunacaq xalçaların həcmi barədə açıqlama verib. “Səhmdar Cəmiyyətin filiallarında bu günə qədər 2010 ədəd, 6863 kvadratmetr xalça toxunub. Filialların kadr potensialı tam formalaşdırıldıqdan sonra hər emalatxanada ay ərzində 250, ildə 3000 kvadratmetr xalça toxunması nəzərdə tutulub. “Azərxalça”nın 31 filialının yaradılacağını nəzərə alsaq, bu da o deməkdir ki, il ərzində Səhmdar Cəmiyyətin filiallarında 93 min kvadratmetr xalça toxunacaq. Bu çox ciddi rəqəmdir. Xalça satışı ilə bağlı qarşımıza qoyulan vəzifələrin icrası istiqamətində mühüm tədbirlər həyata keçiririk. Görülən işlər onu deməyə əsas verir ki, “Azərxalça” yaxın gələcəkdə rentabelli, ölkəmizə ciddi valyuta gətirən böyük bir quruma çevriləcək” - deyə V.Muradov bildirib.
İRADƏ