Mətləb Salahov: “İndi media üçün iqtisadi baxımdan nəfəs almaq və formallıqdan uzaq həqiqi keyfiyyət dəyişikliyi ən zəruri məsələdir”
“Şəxsən mən media sahəsində əsaslı islahatların başlanmasını çoxdan gözləyirdim. Çünki media m əkanında bu prosesə olduqca mühüm zərurət vardı. Hazırda gündəmdə olan əsas müzakirə mövzusu da Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılması məsələsidir. İlk növbədə ona ümid edirəm ki, yaradılacaq bu yeni mexanizm ən əsası formallıqdan uzaq, qanun layihəsində də qeyd edildiyi kimi çevik və operativ mexanizmə sahib olsun. Mediada hökm sürən ətalət, qeyri-peşəkar yanaşma ətaləti aradan qaldırılsın. Çünki təkcə elə telekanallarımızda qəfil baş verən hadisəni anındaca ekranda anons etmək və operativ şəkildə tamaşaçıya çatdırmaq vərdişindən təəsüf ki, uzaqdırlar. Əlbəttdə, burda yaradıcı yanaşma və operativ, işlək iş mexanizminin qurulması əsas şərtdir. Saytlarımızda da vəziyyət ürəkaçan deyil. Əgər bu gün daha çox “dedi-qodu” yeri kimi tanınan, qeyri-professional tik - tok sosial platforması bir çox hallarda operativlikdə sayt və telekanallarımızı üstələyirsə, demək əsaslı islahatlara gördüyümüzdən daha böyük ehtiyac var. Əlbəttdə, formallıqdan uzaq islahat!”. Bu sözləri "Bakı Xəbər"ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, Azərbaycan mediası hazırda reanimasiyada məzarlıq yolunu gözləyən xəstəni xatırladır. “Diqqət edin: qeyri- peşəkarlar, əlinə telefon alıb "tik-tokerlik" edənlər, boynuna vəsiqə taxıb bütün günü idarə və müsəssisələrdə, orda-burda “reydlər” edib ən bahalı maşınlarda gəzən "reket jurnalistlər", daha kimlər, kimlər...
Gör vəziyyət nə həddə çatıb ki, ciddi media qeyri- peşəkar sosial şəbəkələrə belə uduzur məlumat sürətində. Bunun üçün əlbəttdə yaradıcı və peşəkar jurnalist heyətinin qurulması da qaçılmaz reallqıdır. Lakin o peşəkarları 300-500 manata işlədib nəticə qazanmaq da mümkünsüzdür. Buna görə mediaya iqtisadi azadlıq və yaradıcılıq azadlığı başlıca şərtdir. İlk növbədə media üçün reklam bazarlarına giriş üçün imkan yaradılmalıdır. Reklam bazarı medianı ayaqda saxlamaq üçün ən vacib ehtiyacdır. İndi media üçün iqtisadi baxımdan nəfəs almaq və keyfiyyət dəyişikliyi etmək ən zəruri məsələdir. Formal olmayan real dəyişikliklər hava və su kimi vacibdir. Olacaqmı?- onu da zaman göstərəcək.”
Namiq Quliyev