Fərid Həşimov: “Yol dövlətindir və onu qeyri-qanuni şəkildə zəbt etmək qanunu pozmaq deməkdir”
Kimisi dəmir dirəklər basdırıb, kimisi zəncirləyib, bir başqası isə maşın saxlamaq qadağandır işarəsini həmin əraziyə yerləşdirməklə nəqliyyat vasitələrinin parklanma probleminə səbəb olur.
Bu kimi qanunsuz əməllər sayəsində avtomobil yolu və ya səki zəbt olunur. Məlum vəziyyətlə Bakının müxtəlif küçələrində rastlaşmaq olar. Belə ki, bəzi iaşə obyektlərinin sahibləri bu vasitə ilə küçə və səkiləri ya qanunsuz parklanma yerinə çevirib, ya da ərazidə hərəkəti məhdudlaşdırıb.
Ancaq obyektin kimə aid olmasından asılı olmayaraq, qarşısındakı yol və parklama ərazisini kiminsə “özəlləşdirməsi” və obyektə gəlməyən sürücülərə parklanmanı qadağan etmələri qanunsuzdur.
“Obyekt sahibi məkan qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir, əks halda…”
Nəqliyyat məsələləri üzrə ekspert Fərid Həşimov “Bakı-Xəbər”ə şərhinə bildirdi ki, ümumi istifadədə olan yol, səki və parklanma yerlərindən istifadə hər kəs üçün bərabər və əlçatan olmalıdır. Belə ərazilərin zəbt olunması, giriş-çıxışının bağlanması qanunla qadağandır: “Bu cür qanun pozuntularına görə şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq cərimə oluna bilər. Obyekt sahibi məkan qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir. Həmin obyektin sahibinin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman həmin şəxs məsuliyyətə cəlb oluna bilər. Ümumiyyətlə, bu cür qanunsuzluq bir çox kafe-restoran, gözəllik salonları, iaşə obyektlərinin qarşısında müşahidə olunur”.
Həmsöhbətimizin dediyinə görə, bəzi mağaza, kafe sahibləri elə hesab edirlər ki, kafenin qarşısı, ətrafı, hətta yol belə onlara aiddir. Yol dövlətindir. Kiminsə yolu zəbt etməsi, müəyyən əraziləri barmaqlıqlara alması, təbii ki, qanun pozuntusudur və bu insanlardan şikayət edildiyi təqdirdə onlar müəyyən məbləğdə cərimə edilirlər: “Nəzərə almaq lazımdır ki, yol dövlətindir və onu qeyri-qanuni şəkildə zəbt etmək qanunu pozmaq deməkdir. Danılmaz faktdır ki, uzun illərdir ölkədə parklanma problemi yaşanır. Belə bir problem olduğu halda obyekt sahiblərinin yol kənarını qanunsuz zəbt etməsi düzgün deyil. Həmin şəxslər bunu etməklə qanunu pozurlar".
Günel CƏLİLOVA