"Azərbaycan Hava Yolları" (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni "Airbus A320neo" təyyarəsini öz parkına əlavə edib. AZAL-ın açıqlamasında deyilir ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır.
"Airbus A320neo" sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli "Wi-Fi" xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən ödənişsiz yararlana biləcəklər. Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində "Airbus A320neo" əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.
Mətləb Salahov