Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunda (MDTF) Komitə yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib. MDTF-nin icraçı direktoru Vüsal Göyüşov Fondun fəaliyyəti, görülən işlər və prioritet istiqamətlər barədə ətraflı məlumat verib. O bildirib ki, Fondun əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdə sağlam dini mühitin formalaşması, gənc nəsildə vətənpərvərlik və milli kimlik duyğusunun möhkəmləndirilməsinə töhfə verməkdir.
İcraçı direktor qeyd edib ki, Fond tərəfindən müxtəlif maarifləndirici layihələr, sosial kampaniyalar, elmi-praktik konfranslar həyata keçirilir. Eyni zamanda bölgələrdə dini icmalar, gənclər və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərilir. Görüş zamanı Vüsal Göyüşov Şura üzvlərini “Hər məsciddə kitabxana” layihəsinin icrasına hazırlıq mərhələsində görülən işlərlə tanış edib. Bildirib ki, layihə artıq 180 məsciddə həyata keçirilib və ilin sonunadək bu rəqəmin 250-ə çatdırılması nəzərdə tutulur.
İctimai Şuranın sədri Elnur Mustafayev, sədr müavini Səadət Məmmədova, üzvləri Fuad Məmmədov, Cəbi Bəhramov, Nigar Axundova, Tural Əhmədov Fondun fəaliyyəti ilə bağlı fikirlərini bölüşərək, bir sıra təklif və təşəbbüslərlə çıxış ediblər. Onlar xüsusilə “Hər məsciddə kitabxana” layihəsini, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təsis edilən təqaüd proqramlarını təqdir ediblər. Dini maarifləndirmə prosesində vətəndaş cəmiyyəti institutlarının və ictimai fəalların rolunun artırılmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə, həmçinin dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişaf etdirilməsi, gənclərin radikal təsirlərdən qorunması, eləcə də cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub.