Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında” Qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyindəki:
-Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilib;
- Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilib;
- Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.