Fatimə Hacıbəyli: “3-4 ailə birləşib bir taksi tutur və ona aylıq 120-150 manat ödəyir, belə olan halda uşaq vaxtında məktəbə çatır”
Bir həftədir tətbiqinə başlanılan məktəbli avtobusları ilə bağlı pilot layihə (“2School”) sosial şəbəkədə narazılıqlara səbəb olub. Ödənişlərin orta büdcəli ailələrə uyğun olmaması ailələri bu xidmətdən istifadə fikrindən daşındırıb.
Məlumdur ki, məktəbli avtobuslarının aylıq qiyməti məsafədən asılı olaraq dəyişir. Belə ki, məlum xidmətə görə qiymət 180-240 manat arasında dəyişir. Qeyd edilən məbləğ isə valideynlərə sərf etmir. Bu səbəbdən də əksər valideynlər məktəb avtobuslarının alternativini tapıb. Onların fikrincə, ayda bir uşağa azı 240 manat verməkdənsə, 2-3 ailə yığışıb bir adama 100-150 manat verib, şəxsi taksi tuta bilərlər. Bu daha sərfəli üsul sayılır. Həm uşaqlar vaxtında evindən çıxıb dərsə gedəcək, həm də maddi baxımdan valideynlərə sərf edəcək.
“Ölkədə hər hansı bir yenilik tətbiq edilməzdən öncə mənfəət, qazanc deyil, əhalinin məmnuniyyətini düşünmək lazımdır”
Mövzu ilə bağlı fikir bildirən sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məktəbli avtobuslarının tətbiq edilməsində məqsəd yollarda nəqliyyat sıxlığının azalmasıdır: “Amma qiymətlər və şərtlər vətəndaşlara uyğun deyil. Bunu tanışlardan, sosial şəbəkələrdə yazılan fikirlərdən görmək olur. Məktəbli avtobusu üçün tətbiq edilən qiymət 240 manatdır. Valideyn isə hesablayır ki, bu məbləği ödəməkdənsə, ya taksi tutar, ya da öz maşını ilə uşağı aparıb-gətirmək daha sərfəlidir. Çünki vaxt baxımından da üstünlük olur — valideyn maşınla yarım saata uşağı məktəbə çatdırır, amma avtobusda bu, daha uzun çəkir. Eyni ərazidə yaşayan 3-4 ailənin uşağı bir məktəbə gedirsə, onlar fərdi taksi xidmətindən istifadə edə bilər. Məsələn, 3-4 ailə birləşib bir taksi tutur və ona aylıq 120-150 manat ödəyir. Belə olan halda uşaq vaxtında məktəbə çatır, valideyn də daha az vəsait sərf edir və uşağından əmin olur ki, o rahat məktəbə çatıb. Ölkədə hər hansı bir yenilik tətbiq edilməzdən öncə mənfəət, qazanc deyil, əhalinin məmnuniyyətini düşünmək lazımdır. İnsanlar bu xidmətdən məmnum qalarsa, istifadəçilər artar və şirkətin gəliri də yüksək olar. Təəssüf ki, bizdə məmnuniyyət, razılıq deyil, yalnız gəlir düşünülür”.
Günel CƏLİLOVA