Oktyabrın 6-da Bakı Ekspo Mərkəzinin Nizami Gəncəvi təqdimat zonasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı, Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunmuş “Cəsur Vətən oğlu” kitabının təqdimat mərasimi keçirildi.Tədbiri kitabın müəllifi şair-tədqiqatçı Hikmət Məlikzadə açdı, Vətən və vətəndaşlıq missiyası barədə qısa danışdı, Babək Namazovun qəhrəmanlığından bəhs etdi, onun və onun kimi cəsur oğulların yetişən nəsillərə bir görk olduğunu dedi. Şəhidin əmisi Mehman Namazov Babəkin şərəfli döyüş yolundan qısaca bəhs etdi, onun ulu babasının da erməni qəsbkarlarına qarşı döyüşdüyünü, hünər göstərdiyini diqqətə çatdırdı. Vurğuladı ki, Babəkin qəhrəman vücudunda məhz babasının surəti qərar tutub.
Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova şəhidlik məqamı barədə danışdı, Vətəni necə sevməyin məsuliyyətindən bəhs etdi, dedi ki, nə qədər Babək kimi oğullar var, Azərbaycan həmişə yüksəklərdə qərar tutacaq. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Şəmsiyyə Kərimova çıxışında vətəndaşlıq missiyasının nə qədər ağır və şərəfli bir missiya olduğunu dedi, şəhidə olan diqqət və qayğını Vətənə və dövlətə olan hörmət kimi mənalandırdı. Azərbaycanın Əməkdar mədəniyyət işçisi Solmaz Kosalı çıxışında kitabla bağlı önəm kəsb edən bəzi məqamlara diqqət çəkdi, Babək Namazovun qəhrəmanlığını alqışladı. İstedadlı şair, detektiv romanlar müəllifi Rafiq Ələkbər çıxışında Vətəni sevməyin əhəmiyyətindən bəhs etdi, Vətənə dair bir şeirini səsləndirdi. Şəhid Babəkin qohumu Amaliya xanım ailədən - gendən gələn qəhrəmanlığın vüsətindən danışdı, Babəkin hünərini, Vətən sevgisini sonsuz ehtiram və minnətdarlıqla dəyərləndirdi. Tədbir öz diqtəsi ilə bir daha sübut etdi ki, “Şəhidlər ölməz, Vətən bölünməz!”… Beləcə, Bakı Ekspo Mərkəzi və oradakılar Babək Namazovun qaynar Vətən sevgisinə şahidlik etdilər…