Mətləb Salahov: “Böyük məbləğdə reklam pulları xatirinə bir çox tanınmış simaların gəncləri “təhsil” işbazlarının toruna səsləməsi faciədir”
“Təhsil işbazları son bir ayda məşhur simaları da alət edərək burdakı imtahanlardan kəsilən abuturiyentləri öz torlarına salır, onları aşağı səviyyəli xarici universitetlərə, xüsusilə Türkiyənin reytinqsiz təhsil müəssisələrinə sürüməklə əslində bütöv bir xalqın gələcəyini məhv edirlər. Çünki Azərbaycan dövlətinin diplomlarını tanımadığı, tədris proqramını qəbul etmədiyi əksər xarici universitetlər bu işbazlar sayəsində bizim gəncləri aldadıb illərlə pullarını alır, sonda da dövlətin yaxına buraxmadığı qanunsuz diplomlarla “mükafatlandırıb” geriyə qaytarırılar. İllərdir bu işbazlar iş başındadırlar. Əslində onların bu “bazarına” rəvac verən əsas proses təhsilimizdəki qüsurlar, gəncləri bu işbazların toruna sürükləyən ciddi çatışmamazlıqlardır. İbtidai sinif şagirdlərini az qala akademik səviyyədə tədris ağırlığı ilə yükləyəndə, qəbul imtahanlarına tədris proqramından kənar suallar salınanda nəticə bu cür də olmalıdır. İş o yerə çatıb ki, gənclər məktəblərdəki tədris proqramını əla oxumaq əvəzinə, qəbul imtahanlarında yaxşı nəticə göstərmək üçün repititor yanına yollanırlar. Niyə? – çünki artıq neçə illərin təcrübəsindən də məlumdur ki, qəbul imtahanındakı sualların əksəriyyəti məktəblərdə şagirdlərə tədris olunan məktəb proqramından deyil, tam kənar mövzulardan salınır.” Bu fikirləri “Bakı Xəbər”ə şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, bir çox efirlərin reklam üzünə çevrilən belə “təhsil” işbazları, artıq tanınmış simaları da öz iyrənc qazanc işlərinə cəlb edirlər: “Təsəvvür edin ki, cəmiyyətin üzdə olan insanları da pul müqabilində gəncləri bu cür işbazların toruna səsləyən çağırış reklamlarında yer alırlar. Bu adamlar fərqində deyillər və ya fərqində olub, sadəcə reklam üçün aldıqları karlı pula görə dərk etmək istəmirlər ki, bu işlər təhsilimizi və gələcəyimizi məhvə sürükləyir. Min dəfə təəsüf edirəm ki, Təhsil Nazirliyi bu prosesə “DUR” demək üçün bircə addım da atmır. Sadəcə valideynlərə xəbərdarlıq etməklə kifayətlənir. Niyə bu cür yalançı, gəncləri toruna salan fırıldaqçı “şirkətlər” barədə tədbir görülmür? Bunları efirlərə buraxıb qanunsuzluğu reklame dən telekanallar niyə məsuliyyət daşımırlar?. Bildiyim təkcə budur ki, başqa sahələr bir yana, təhsil sahəsinin belə işbazlar oylağına çevrilməsi, gədə-güdə səviyyəli adamların “imtahansız təhsil” vədləri böyük bir xalq olaraq hamımızın gələcəyini indidən məhv etmək deməkdir”.
Namiq Quliyev