Azər Həsrət: “Bu gün yeni proqramlar elan edilirsə, həmin layihələrdə iştirak edənlər də günümüzün tələblərinə uyğun təlim görəcəklər”
Məlum olduğu kimi, “MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başlayıb.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.
“MEDİA könüllüləri” Proqramı ilə yeni layihənin arasında müəyyən fərq zamanın tələbinə uyğun yeniliklərin olmasıdır”
Qeyd edək ki, öncəki layihədə iştirak edən lönüllülər müxtəlif təlimlərdə, yerli və beynəlxalq tədbirlərdə təmsil olunub, eyni zamanda Agentlik tərəfindən həyata keçirilən “Media savadlılığı” həftəsinin və 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində iştirak ediblər.
Maraqlıdır, “MEDİA könüllüləri proqramının yeni mərhələsinin fərqi nədir və bunun nə kimi əhəmiyyəti var?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, könüllük proqramları davamlı olur: “Bu kimi layihələrə könüllü olmaq istəyən gənclər qoşulur. Həmin gənclər “MEDİA könüllüləri” Proqramına qoşulmaqla maariflənir, öyrəndikləri bilik və bacarıqları cəmiyyətə qarşılıqsız şəkildə yayırlar. Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı elan etməsi bununla bağlıdır. Mümkün olduqca bu kimi proqramlar davam etməlidir. Agentliyin keçirdiyi ötən “MEDİA könüllüləri” Proqramı ilə yeni layihənin arasında müəyyən fərqlər olar. Fərqli cəhət dedikdə yeniliklərin olması nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, gündəm daim dəyişir, belə olan halda həmin yeniliklərin mənimsənilməsi və cəmiyyətə çatdırılması zərurəti yaranır. Əvvəlki könüllülük proqramları iştirakçılarının əldə etdiyi bilik və təcrübə o zaman üçün ən uyğunu, ən lazımlısı idi. Ancaq bu gün yeni proqramlar elan edilirsə, həmin layihələrdə iştirak edənlər də günümüzün tələblərinə uyğun təlim görəcəklər. Bu səbəbdən “MEDİA könüllüləri” Proqramı geniş şəkildə tətbiq olunmaqla Agentlik doğru strategiyaya xidmət edir. Agentliyin məlum təşəbbüsü alqışa layiqdir. Arzuediləndir ki, tək Medianın İnkişafı Agentliyi deyil, ayrı-ayrı sahələrə aid geniş könüllülük proqramları icra edilsin”.
Günel CƏLİLOVA