Rizvan Fikrətoğlu: "Rusdilli uşağa bu dili bilməyən və rus dilində tədris etməyən müəllim dərs deməməlidir"
Bakı məktəblərindən birinin 5-ci sinif şagirdinin valideynləri Elm və Təhsil Nazirliyinə qarşı məhkəmədə iddia qaldırıb. Hadisəyə səbəb isə 5-ci sinif rus bölməsində "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində tədrisidir.
Valideynlər uşaqlarının dərsi anlamaqda çətinlik çəkdiyini bildiriblər. Onlar rus bölməsində təhsil alan məktəblilərin materialın Azərbaycan dilində kompleks şəkildə təqdim olunması səbəbindən öz vətənlərinin tarixini tam dərk edə bilməmələrini əsas gətirərək, Azərbaycan tarixinin rus dilində tədris olunmasını xahiş edirlər. Onların fikrincə, 5-ci sinif üçün rus dilində "Azərbaycan tarixi" dərsliyi uşaqlara dərs keçmək üçün daha başadüşülən və əlverişlidir. Valideynlərin vəkili isə bildirib ki, belə bir qərar məktəblilərin özlərinin və valideynlərinin konstitusiya hüquqlarını pozur. Məhkəmədə çıxış edən nazirliyin nümayəndəsi bildirib ki, bu təhsil forması ilə bağlı qərar mövcud qanun və qaydalar əsasında qəbul edilib. Öz növbəsində, məhkəmə hər iki tərəfi dinləyib və iddiaları qəbul edib. İddia üzrə Bakı İnzibati Məhkəməsinin növbəti iclası 14 fevrala təyin edilib.
Maraqlıdır, bu problem necə həll olunmalıdır? Məlumdur ki, rus sektorunda təkcə azərbaycanlı uşaqlar deyil, rus ailələrində böyüyənlər də var ki, onlara tariximizi Azərbaycan dilində başa düşmək həqiqətən də çətinlik yarada bilər. Rus bölməsində fənlər necə tədris olunmalıdır?
"Valideyn məlum məsələdə haqlıdır, o, övladını rus sektoruna qoyubsa, tədris rus dilində aparılmalıdır"
Təhsil eksperti Rizvan Fikrətoğlu "Bakı-Xəbər"ə şərhində bildirdi ki, rus sektorunda müəllim çatışmazlığı var. Bununla yanaşı, rus sektoru üzrə ali məktəblərə qəbulda plan yeri azaldılıb: "Son illər rus sektoruna deyil, tədrisin ingilin dilində aparılmasına üstünlük verilir. Ümumiyyətlə, abituriyentlər rus sektorunda müəllim olmağa elə də böyük maraq göstərmir".
Həmsöhbətimiz hesab edir ki, valideyn məlum məsələdə haqlıdır: "O, övladını rus sektoruna qoyubsa, tədris rus dilində aparılmalıdır. Rusdilli uşağa bu dili bilməyən və rus dilində tədris etməyən müəllim dərs deməməlidir. Müəllim tapmaq valideynin deyil, Elm və Təhsil Nazirliyinin problemidir. Məlum məsələdir ki, rus sektoru üzrə tarix ixtisasını bitirənlər başqa sahəyə yönəlir. Buna ən böyük səbəb əmək haqqının azlığıdır. Ümumiyyətlə, hansısa fənn müəllimi çatışmazlığı yaşanırsa, diferensial əmək haqqı, o istiqamətdə qəbul planının artırılması və digər həvəsləndirici tədbirlər düşünülməlidir".
Günel CƏLİLOVA