Əli Sultanov: "Daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi real iqtisadi tendensiyalara uyğun və bu istiqamətdə qəbul olunan inzibati qərarlarla baş verir"
Bakıda və ətraf ərazilərdə mənzillərin qiymətində artımlar müşahidə olunur. Bununla yanaşı, paytaxt ərazisində istismar müddəti başa çatmış evlərin söküntüsü davam edir. Sökülən evlərə görə vətəndaşlara kompensasiya verilir. Ancaq kompensasiya məbləği ev sahiblərini qane etmir.
Onların fikrincə, son illər mənzillərin qiyməti artdığı ərəfədə kompensasiya məbləğinin dəyişməməsi düzgün deyil. Bu hal söküntünü həyata keçirən MTK-larla sakinlər arasında narazılığa səbəb olur.
Tikinti şirkətləri tərəfindən vətəndaşlara təklif edilən kompensasiya məbləği nə qədər olmalıdır? Vətəndaşlara verilən kompensasiyanın məbləği artırılmalıdırmı?
"Qiymətləndirmə aparılarkən əvvəlki dövrlərdə verilmiş rəqəmləri analoq qiymət kimi götürür, buna əsaslanır və buna uyğun olaraq vətəndaşlara kompensasiya təklif edirlər, ancaq…"
Əmlak eksperti Əli Sultanov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, kompensiya ilə bağlı rəqəmlərin azalıb-artırılması zamanı bəzi məsələlər də nəzərə alınmalıdır: "Söküntü olan ərazilərdə mənzilin kiçik olması diqqətə alınmalıdır. Bu da tikinti şirkətləri ilə vətəndaşlar arasında əlavə problemlər yaradır. Qiymətlərin qalxması və düşməsi hər zaman realdır. Adətən bunu bazar tənzimləyir. Daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi real iqtisadi tendensiyalara uyğun və bu istiqamətdə qəbul olunan inzibati qərarlarla baş verir. Hesab edirəm ki, mövcud şəraitdə qiymət dəyişikliyi real görünür və bunun qarşısının alınması istiqamətində addımlar, təəssüf ki, nəticə vermir".
Həmsöhbətimiz bildirdi ki, kompensasiyanın məbləği ilə bağlı konkret rəqəm söyləmək bir qədər çətindir: "Bu, ərazidən, tikintinin vəziyyətindən və sənədlərdən asılı olaraq dəyişə bilən bir rəqəmdir. Bəzi hallarda qiymətləndirmə aparılarkən əvvəlki dövrlərdə verilmiş rəqəmləri analoq qiymət kimi götürür, buna əsaslanır və buna uyğun olaraq vətəndaşlara kompensasiya təklif edirlər. Ancaq bu doğru deyil, çünki mövcud qanunvericilikdə dövlət ehtiyacları üçün alınmada və sair istiqamətlərdə vətəndaşdan alınan əmlakın dəyərinin ödənilməsi məsələsi birmənalı olaraq qeyd olunur. Əmlakın dəyəri müvafiq dövrə ərazi üzrə müəyyən olunmuş bazar qiymətlərinə əsaslanaraq ödənilməlidir".
Günel CƏLİLOVA