Məlum olduğu kimi, DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, qeydiyyat zamanı bakalavr pilləsinə sənəd qəbulunda iştirak etmək istəyən əvvəlki illərin məzunlarından 45 AZN, blok imtahanlarının 2-ci cəhdində iştirak edənlərdən isə 50 AZN tələb olunur.
Buna səbəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddətinin (2023 və 2024-cü il) başa çatması olub.
Qeyd edək ki, DİM-in imtahanlar üçün dövlət rüsumlarının artırılması narazılığa səbəb olub.
Elşən Qafarov: “İmtahanlar üçün dövlət rüsumlarının qalxması süni artımdır, əsaslandırması yoxdur”
Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, inflyasiya ilə bağlı zamanla qiymət artımları baş verir. Qiymət artımı müxtəlif sahələrə təsir edir: “Dövlət İmtahan Mərkəzinin qiyməti qaldırdığı sahələr inflyasiyanın təsir etmədiyi sahələrdir. Ümumiyyətlə, DİM-in fəaliyyəti təhsil alanların təhsil alma hüququnun əhatəliyini yaratmaqdır. Istər imtahanın keçirilmə mexanizmi, istərsə də qiymət artımları abituriyentlərin təhsil alma hüququ qarşısında maneədir. onu da deyim ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və qiymət siyasətini müstəqil olaraq təyin edir. İmtahanlar üçün dövlət rüsumları 100 -200 faiz artıb. Bu sahədə qiymət artımı təəssüfedici haldır. Onu da deyim ki, Dövlət İmtahan Mərkəzi özəl deyil, dövlət tərəfindən yönəldilən publik hüquqi şəxsdir. Bu səbəbdən də qiymətlə bağlı sosial balansı gözləməlidir. Zənnimcə, imtahanlar üçün dövlət rüsumlarının qalxması süni artımdır, əsaslandırması yoxdur”.
Elçin Əfəndi: “Qiymətin bu həddə olması doğru deyil, ən azı, rüsum 20 manat olarsa abituriyentlərin valideynləri üçün uyğun olar”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qiymət artımı Tarif Şurası tərəfindən müəyyən edilir: “Məlumdur ki, imtahan keçirilərkən müəyyən xərclər olur. Belə ki, sualların hazırlanması, marker müəllimləri tərəfindən cavabların yoxlanılması, o cümlədən daşınmaların həyata keçirilməsi, imtahan nəzarətçilərinin prosesə cəlb olunması və s. məsələlər müəyyən xərc tələb edir. Ancaq istənilən halda, qiymətin bu həddə olması doğru deyil. Ən azı, rüsum 20 manat olarsa abituriyentlərin valideynləri üçün uyğun olar. Qiymət artımı hazırda narazılığa səbəb olub”.
Günel CƏLİLOVA