Niyazi Əliyev: “Sığorta bir sıra hallarda ödəniş etməyə bilər”
Bakıda hava şəraitinin kəskin pisləşməsi, güclü şaxta və qar yollarda hərəkətin çətinləşməsinə və qəzaların artmasına səbəb olur. Məlumata görə, zərərçəkən sürücülərə dəymiş ziyanı icbari sığorta qarşılamır.
Səbəb kimi isə qeyd edilir ki, qarlı hava şəraitinə görə baş vermis qəzalarda günahkar tərəf müəyyən edilə bilmir. Maraqlıdır, qarlı havada bir-birinə dəyən avtomobillərin zərərini kim ödəyəcək?
“Avtomobilin idarə olunması üçün yararsız şinlərdən istifadə edilərsə, bu hal qəza risqini dəfələrlə artırır və şinin yararsız olması halı təsdiq olunarsa…”
Sığorta eksperti Niyazi Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, qarlı-şaxtalı hava şəraitində nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir. Çünki yolların buz bağlaması qəza ehtimalını artırır. Yolların buzlu olması hadisə intensivliyini artırıb: “Qarlı hava şəraitində icbari sığorta üzrə ödəniş həyata keçirmək sığorta şirkətləri üçün çox çətindir. Çünki bu vəziyyətdə günahkar tərəfi təyin etmək çətindir və yaxud mümkünsüzdür. Qarlı havada yol-nəqliyyat hadisələri bir neçə avtomobilin iştirakı ilə baş verərsə bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır, elə bu vaxt itkisi də müəyyən narazılıqlara gətirib çıxarır. Avtomobilin idarə olunması üçün yararsız şinlərdən istifadə də qəza riskini dəfələrlə artırır. Avtomobil şininin yararsız olması halı təsdiq olunarsa, sığorta şirkətləri tərəfindən ödənişdən imtina halını ortaya çıxara bilər. Ona görə də hərəkət iştirakçıları qarlı və buzlu havalarda təhlükəsizliyi təmin edəcək şərtləri yerinə yetirməyə borcludur.
Onu da deyim ki, kasko sığorta icbari sığortaya nisbətdə daha geniş əhatəlidir. Bu sığorta, sürücünün öz maşınına dəyən ziyanı da ödəyir. Müqavilədə hava şəraitindən - qar, dolu, sel, fırtına və sairdən irəli gələn ziyanlar nəzərə alınıbsa, xərc sığorta tərəfindən ödənilə bilər. Sığorta bir sıra hallarda ödəniş etməyə bilər. Sürücü sərxoş vəziyyətdədirsə və ya yol hərəkəti qaydalarını kobud şəkildə pozursa, sığorta şirkəti bu halda zərəri ödəməkdən imtina edə bilər”.
Günel CƏLİLOVA