Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun “Geobotanika” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Sadıq Qurban oğlu Qarayevin yeni kitabı- “PALID (QUERCUS L.): İntroduksiyası və iqlimləşdirilməsi” monoqrafiyası işıq üzü görüb. baki-xeber.com-un məlumatına görə, monoqrafiya Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi Şurasının 20 sentyabr 2024-ci il tarixli iclasının qərarı ilə (protokol № 6) nəşrə tövsiyyə edilib. Monoqrafiyanın elmi redaktoru b.e.d., professor A.Ə Bayramova, rəyçilər b.e.d., professor E.O.İsgəndərə, b.e.d., dosent N.P. Mehdiyevadır.
Monoqrafiya dünya və Azərbaycan florasına aid 12 növ palıdın ( Quercus L.) sistematikası, botaniki-coğrafi xüsusiyyətləri, morfogenezi, kök sistemi, böyümə və inkişaf dinamikası, fenologiyası, çiçəkləmə və meyvəverməsi, çoxaldılması, xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə üsullarının tədqiqinə, əldə edilən nəticələri təhlil etməklə introduksiyasının elmi əsaslarının öyrənilməsinə, Abşeronun quru subtropik iqlim şəraitində yaşıllaşdırmada istifadəsi perspektivli olan növlərin seçilməsinə və becərilmə qaydalarının müəyyənləşdirilməsinə həsr edilib. Kitab botaniklər, ekoloqlar, biologiya və aqrar elmləri ixtisasları üzrə tələbə, magistr, doktorant, müəllim və elmi tədqiqatçılar, yaşıllaşdırma işiylə məşğul olanlar üçün nəzərdə tutulub. Qarayev Sadıq Qurban oğlu yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi əsərin, “Orbitlər və Universal mövcudluq” nəzəriyyələrinin, “Sahilsiz Təzadlar”, “Sahibsiz Kölgələr”, ““N” saylı qəhrəmanlıq” adlı iri həcmli elmi, fəlsəfi, tarixi romanların, “Sarvansız zamanlar” və “Azərbaycançılıq məfkurəsi” adlı hekayə və esselərdən ibarət kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvüdür, Prezident təqaüdçüsü, “Qızıl kəlmə” mükafatçısıdır. İradə SARIYEVA