Bakı Asiya Universiteti ləğv edildi - özəl "Universitetlərin" yarıtmaz "təhsil oyunu"...

Azərbaycanda daha bir özəl ali məktəbin fəaliyyəti ləğv edilib. Belə ki, Bakı Asiya Universiteti ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, ev 33 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Bakı Asiya Universiteti 2015-ci ildə Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edildiyini bildirmiş və burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş etmişdi. Nazirlik tərəfindən universitetin xahişi təmin olunmuş və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdi.
Əvvəla onu qeyd edək ki, Azərbaycanda bir sıra özəl universitetlərin keyfiyyətsiz təhsil metodu, beynəlxalq təhsil standartlarına cavab verə bilməmələri ictimai rəydə neçə illərdir müzakirə olunur. Bu cür "Universitetlərin" keyfiyyətsiz təhsili üzündən əksər məzunlar təhsil aldıqları ixtisas üzrə cəmiyyətdə mövqe qazana, sənət sahibi ola bilmirlər. Bəllidir ki, bu cür ali məktəblər daha çox pul tələsi üçün yaradılmış tədris müəssisəsidir.
Daha çox formal şəkildə fəaliyyət göstərən bəzi özəl ali təhsil müəssisələrinin sahibləri, bu təhsil ocaqlarını bəzi hallarda ailə şirkətinə çevirir, bir çoxları da öz övladlarının ictimai reputasiyası üçün Universitet adından istifadə edirlər. Belə görünür ki, Asiya Universiteti ləğv edilən son özəl ali məktəb olmayacaq. çünki bu cür keyfiyyətsiz özəl tədris ocaqlarının sayı daha çoxdur. Daha bir müəmma isə niyə Universitetin ləğvinə 10 il sonra qərar verilməsidir. Bu 10 ildə nəyi, kimin rəyini gözləyirdilər ki?. özəl Universitetlərlə bağlı görünür müəmmalar hələ çox davam edəcək...
Mətləb