“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam mərkəzinin dəstəyi ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Baki-xeber.com xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutub. Tədbirdə “İRƏLİ” İB-nin sədri Şahin Rəhmanlı açılış nitqi söyləyib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Ədəbi-bədii gecədə Cahangir Cahangirov adına xor kollektivi çıxış edib, gənc musiqiçilər tərəfindən solo ifa, həmçinin poeziya nümunələri səsləndirilib. Tədbirdə Cahangir Cahangirov adına xor kollektivinin solisti Zeynəb Nəcəfli “Ana Yurdum” (sözləri Zeynal Cabbarzadə, musiqisi Cahangir Cahangirov) və “Şəhidlər Simfoniyası” ( musiqisi Oqtay Kazimi) ifa edib. “Vətənimdir” (sözləri Məhəmməd Füzuli, musiqisi Süleyman Ələsgərov) əsərini Cahangir Cahangirov adına xorun solisti Pərvin Səfərov təqdim edib. Solo piano ifası ilə Aysel Yeşildağ çıxış edib. "Ave Maria" da təqdim edilib, ifaçını pianoda Aydan Yeşildağ müşaiyət edib. Bədii qiraətçi Şəbnəm Feyzli Könül Əlibəylinin “Ey Şəhidim” şeirini oxuyub, onu udda Mamed Məmmədli müşaiyət edib. Musiqisi Vasif Adgözəlova məxsus olan “Qərənfil” əsərini isə tarda Murad Behbudov səsləndirib. Qiraətçi Səbinə Zalova şeir söyləyib, “Prelude NO.2”nu (Fəridə Quliyeva) pianoda Həmayə Baxışova, “Kamança Konserti 2-ci hissə”ni ( Hacı Xan Məmmədov) kamançada Orxan Hüseynov ifa edib. Qiraətçi Hüseynağa Aslanov xalq şairi Ramiz Rövşənin “Qapı” şeirini söyləyib. Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri Xocalı qurbanlarının xatirəsini yaşatmaq, Azərbaycan xalqının yaddaşında əbədi yaşadığını bir daha nümayiş etdirmək məqsədi daşıyır. İradə SARIYEVA