Xalqın igid, qeyrətli oğulları Vətən müharibəsində 30 il əsir düşən Qarabağımızı 44 günə qanları bahasına azad edib bizə şanlı qəlıbə sevincini yaşatdılar. Əbədi parlaq Günəş ömrünü yaşayan, ölümsüzlüyə qovuşan belə qəhrəmanlardan biri də İbarət Faiq oğlu Əkbərovdur.
Bu Vətən sevdalısı həyatda cəmi 27 il yaşasa da, bütün Azərbaycan xalq ona öz qəlbində yurd-yuva qurub. Həm də Vətəni alınmaz qalaya döndərən, şanlı qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən şəhid İbarət Əkbərov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və digər medallara layiq görülüb. Bizə əmanət qoyduğu iki övladı da onun adına layiq böyüyür.
İbarət Əkbərov 1993-cü ildə Yardımlı rayonununun Mirimli kəndində anadan olub. Doğma Azərbaycana sevdalana-sevdalana 9-cu sinfə qədər burada oxuyub. Əxlaq saflığı, vicdan dürüstlüyü hamını heyran qoyub. Sonra valideynləri Cəlilabad rayonunun Privolnoye kəndinə köçdüyünə görə, təhsilini həmin kənddəki E.Hüseynov adına tam orta məktəbdə başa vurub. Müstəqil həyata qədəm qoyanda Vətən, xalq üçün yararlı övlad olduğu tam bilinib. Yağı düşmənin Qarabağımızın işğalı onu çox narahat edib. Odur ki, birinci arzusu ordu sıralarına gedib illərlə xilaskar ərənlərin yolunu gözləyən torpaqlar azad etmək, düşməndən intiqam almaq olub. Əsgərliyi ön cəbhədən başlayan İbrət Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib, elə ilk gündən vətənpərvərliyi, səmimiliyi, mərdliyi, qorxmazlığı ona hörmət qazandırıb. Hərbi təlimlərə məqam gələndə döyüş meydanında düşməni yerindəcə məhv etmək üçün daha çox öyrənmək məqsədilə qatılıb, həmişə çətin sınaqlardan belə uğurla çıxıb.
İbarət Əkbərov həqiqi xidmətdən sonra halal əməyinin qulpundan yapışıb. Bir qayda olaraq zəhmətə bağlılığı, gözəl mənəvi keyfiyyətləri el-obada ona dərin ehtiram gətirib. Gördükləri gərəkli olub, yaşadığı cəmiyyətə fayda verib.
27 sentyabr 2020-ci ildə müharibə başlayanda İbarət Əkbərov Vətənin dar günündə birincilər sırasında onun dadına çatıb. Odlu səngərlərdə erməni dığalarına qarşı son nəfəsinə qədər qəhrəmancasına vuruşub. Neçə-neçə sınaqlardan uğurla çıxan İbarət Füzulinin azadlığı uğrunda tarix yazıb. Ölüm-dirim savaşlarında həmişə öndə gedən Vətənin igid oğlu oktyabrın 2-də əlindən yaralanıb. Hospitala gətirilsə də, 5 gün sonra müharibə meydanına qayıdıb. İştirak etdiyi gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək yağıya ciddi itkilər verib. İbarət oktyabrın 12-də Füzulidə şəhadətə yetib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü