Bu gün ən çox müzakirə edilən məsələlərdən biri də Mənzil Tikinti Kooperativlərinin (MTK) fəaliyyəti ilə bağlıdır. Onlardan razı olan da var, narazı qalan da...
Bəzi vətəndaşlarına şikayətlərinə əsasən, MTK-lar dövlət tərəfindən əhaliyə verilən kommunal xidmətlərə müdaxilələr edirlər. Belə ki, vətəndaşların MTK-ya borcu olduğu halda, bina komendant idarəçiliyi əhalinin kommunal xidmətlərini dayandırır. Bununla da vətəndaş problemlə üzləşir.
Maraqlıdır, MTK-ların belə bir addım atmağa səlahiyyəti varmı?
Ramil Osmanlı: “Vətəndaşların daxili xidmət ödənişlərinin gecikdirilməsinə görə qaz, işıq, su təchizatının MTK-lar tərəfindən dayandırılması yolverilməzdir”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, vətəndaşların daxili xidmət ödənişlərinin gecikdirilməsinə görə qaz, işıq, su təchizatının MTK-lar tərəfindən dayandırılması yolverilməzdir: “Çünki vətəndaşlar kommunal xidmət göstərən qurumlarla ikitərəfli öhdəliklərə dair müqavilə bağlayır. Bu problem bir neçə il öncə daha qabarıq idi. Son zamanlar belə şikayətlərin sayı azalsa da, problem hələ də qalmaqdadır. Səbəb isə istismara verilməyən binaların mövcudluğudur”.
Hüseyn Axundov: “MTK-ların “ev pulu”nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur”
Hüquqşünas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir: “MTK-ların “ev pulu”nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur. Bu cür qanunsuzluqlardan yeganə çıxış yolu bina sakinlərinin məhkəməyə müraciət etməsidir. Hər hansı bir yeni tikilən binada yaşayan ölkə vətəndaşı qanunsuz olaraq kommunal xidmətdən mərhum edilə bilməz. Binaları elektrik, qaz və su təchizatı ilə üçüncü tərəf olaraq MTK-lar deyil, başqa müəssisələr təmin edir. Heç bir halda hüquqi cəhətdən komendantların özbaşına bina sakinlərini şəxs və cəm halında ödənişini həyata keçirdiyi kommunal xidmətlərin istifadəsinə qadağa qoymağa səlahiyyəti çatmır”.
Günel CƏLİLOVA