Ağa Salamov: “Müəssisə daxilində siqaret çəkmək qəti şəkildə qadağan edilməlidir, əks halda…”
Bir neçə gün əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisə ilə qarşılaşıb. "Qarabağ çörək zavodu"na məxsus çörəyi kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb. Belə ki, çörəyin içindən siqaret kötüyü çıxıb. Baş vermis hadisəni AQTA nəzarətə götürüb.
AQTA-nın yaydığı məlumatda qeyd edilir ki, “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb: “Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub”.
Qeyd edək ki, çörəkdən siqaret kötüyünün çıxması ilə bağlı məsələ sosial şəbəkədə ciddi narazılığa səbəb olub. Hətta siqaret çəkən şəxslərin işə götürülməməsi ilə bağlı təkliflər də səslənir. Maraqlıdır, strateji qida məhsulları istehsalında çalışan işçilər üçün xüsusi tələblər varmı?
“Sanitar-gigiyena normalarına əməl olunmalı, işçilər üçün xüsusi uniforma təmin edilməli və iş prosesində qaydalara ciddi nəzarət edilməlidir”
Qida eksperti Ağa Salamov hesab edir ki, bu cür hadisələr əsasən istehsalat sahələrində gigiyena qaydalarına düzgün əməl olunmaması və işçilərin səhlənkarlığı səbəbindən baş verir: “Əksər zaman istehsal sahələrində siqaret çəkən işçilər olur və bu cür xoşagəlməz hadisələr qeydə alınır. Bu səbəbdən də müəssisə daxilində siqaret çəkmək qəti şəkildə qadağan edilməlidir. Əks halda, bu kimi hadisələrin baş verməsi qaçılmazdır. Bununla yanaşı, fiziki çirklənmə müxtəlif səbəblərdən yarana bilər. Məsələn, istehsal prosesində ehtiyatsızlıq nəticəsində məhsulun içinə yad cisimlər – torpaq, şüşə qırıntıları, metal hissəcikləri, siqaret kötüyü, həşəratlar (milçək, tarakan və s.) düşə bilər. Bu da dezinfeksiya və təmizləmə işlərinin düzgün aparılmamasından qaynaqlanır”.
Ekspert onu da əlavə etdi ki, sanitar-gigiyena normalarına əməl olunmalı, işçilər üçün xüsusi uniforma təmin edilməli və iş prosesində qaydalara ciddi nəzarət edilməlidir: “Bir çox halda müəssisələrdə siqaret çəkilmədiyini iddia edirlər, lakin əslində buna nəzarət yetərli səviyyədə olmur. Qida istehsalı sahələrində siqaret çəkmək qəti qadağan edilməli və bu qaydanın pozulması ciddi məsuliyyətə cəlb olunmalıdır. İstehlakçılar isə belə hallarla qarşılaşdıqları halda aidiyyəti qurumlara rəsmi şikayət etməlidirlər”.
Günel CƏLİLOVA