Cavanşir Əliyev: “Müəllimlərin narahatlıq keçirməsinə və narazılıq bildirməsinə əsas yoxdur”
Azərbaycanda məktəb direktorları və direktor müavinləri sertifikasiyaya cəlb ediləcək. Müəllimlərin sertifikasiyasından sonra direktorlar üçün də bu imtahanların keçirilməsi təhsil sistemində baş verəcək yeniliklərdəndir.
Məlumdur ki, bu gün məktəbdə müəllimlər də sertifikasiya prosesinə cəlb olunur. Məktəb direktorları, müavinlər və müəllim də bu prosesdə iştirak edir. Müəllimlərin fikri dərsdə, şagirdlərə bilik aşılamaqda yox, məhz sertifikasiyanın nəticəsində, imtahanın necə keçəcəyində olur.
“Direktorlar və müavinlər işə qəbul imtahanını verirlər, daha sonra direktorlar esse müsabiqəsində iştirak edirlər, ən sonda…”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhinə bildirdi ki, sertifikasiya müəllimlərin məsuliyyətini artırır, onların yeni innovativ məsələləri dərindən öyrənməsinə şərait yaradır: “Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Sertifikasiyaya müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, onların ixtisasının artırılması zərurətini müəyyənləşdirən, pedaqoji işçilərin əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır. İstər diaqnostika olsun, istər attestasiya və ya sertifikasiya – qiymətləndirmə olub və olmalıdır. Bəzi müəllimlərin narahatlıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm. Təqdiredici haldır ki, sertifikasiyanın ilkin mərhələsi ilə müqayisədə son vaxtlar gərginliyin azalması fonunda iştirakçıların nəzərəçarpacaq fəallığı, imtahanlara qatılanların say artımı müşahidə olunur. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük verilir, əvvəlki sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərə də təkrar imtahan vermələri üçün şans veriləcəyi kimi stimullaşdırıcı tədbirlər öz müsbət nəticəsini göstərməkdədır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, direktorların və müavinlərinin işə qəbulu qaydaları artıq müəyyən təlimatlarla tənzimlənir: “Direktorlar və müavinlər işə qəbul imtahanını verirlər, daha sonra direktorlar esse müsabiqəsində iştirak edirlər. Ən sonda müsahibə mərhələsi keçirilir. Bilik və bacarıqlara görə bütün normalar ödəndikdən sonra təyinat alırlar. Əslində bu cür prosedurları keçən şəxsin sertifikasiyaya cəlb olunması qəribə görünsə də, təhsilin inkişafı baxımından vacibdir”.
Günel CƏLİLOVA