DİN: “Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki…”
Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik dərmanların paylanılması ilə bağlı iddialar yayılıb. Bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır. İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir: “Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb”.
Fatimə Hacıbəyli: “Hər hansı kənar şəxs məktəbin ərazisinə daxil olaraq konfet, salfet adı ilə nəsə satırsa burda günahkar rəhbərlikdir”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illər bizdə yetkinlik yaşına çatmayanlar arasında narkotikdən istifadə halları müşahidə edilir. Bu nə qədər xoşagəlməz olsa, belə hallar var. Və ciddi şəkildə müzakirə aparılır: “Zamanla orta ümumtəhsil məktəblərində bu kimi hallara rast gəlinib. Hər hansı kənar şəxs məktəbin ərazisinə daxil olaraq konfet, salfet adı ilə nəsə satırsa burda günahkar rəhbərlikdir. Məktəblərdə mühafizə tədbirləri daha da gücləndirilməlidir. Bu təkcə Bakı məktəblərinə aid deyil. Bu kimi halları zaman-zaman hər yerdə eşidirik. Bununla yanaşı, valideyn nəzarətsizliyi də öz sözünü deyir. Valideynlər daim övladlarına tanımadıqları şəxsdən heç nə alıb yeməməsini məsləhət verməlidir. Ümumiyyətlə, tanımadıqları, ilk dəfə gördüyü insanlarla ünsiyyətdə olmasının mənfi fəsadları barədə danışmalıdır. Təhsil ocaqlarında narkotik vasitələrin təklif olunması məsələsinə gəldikdə, düşünürəm ki, bunun qarşısını almaq üçün uşaqlarla onların anladığı dildə danışmaq lazımdır. Onlara bu təhlükənin zərərləri barədə məlumat vermək, davamlı marifləndirici tədbirlər keçirmək lazımdır.
Ancaq onu da deyim ki, valideynlərə aid vatsap qruplarda o qədər məlumatlar, görüntülər paylaşılır ki, insan dəhşətə gəlir. Həmin paylaşımların əksəriyyəti isə əsassız olur”.
Günel CƏLİLOVA