Lənkəranın ilk Kulinariya Komandasının üzvləri 17-21 mart tarixlərində Livanda keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında birinci oldular. Komandanın üzvləri ilə Lənkəran Regional Mədəniyyət Mərkəzində təşkil edilən görüş də bu münasibətdən irəli gəlirdi. Tədbirin iştirakçıları isə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, komandanın üzvləri, rayonda kulinariya sahəsində tanınan aşpazlar, mədəniyyət işçiləri, xidmət sahələrinin nümayəndələri və digər qonaqlar idilər.
M.Cəfərzadə söz alıb Şəhər İcra hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun salamlarını tədbir iştirakçılarına çatdırdı və rəhbərliyi adından komanda üzvlərinə ölkəmizin, o cümlədən, bölgəmizin mətbəxini dünya səviyyəsində yüksək peşəkarlıqla təbliğ və tərənnüm etdirərək 1-ci yeri qazandıqları üçün İcra başçısı tərəfindən imzalanmış Fəxri fərmanları onlara təqdim edib dedi:- AMKA tərəfindən yaradılan Lənkəran komandasının və Qarabağ nümayəndəsinin beynəlxalq yarışda birincilik qazanması qürur vericidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində bölgəmizin davamlı inkişaf və əldə olunmuş uğurların nəticəsi olaraq Lənkəran şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. Onu da deməliyəm ki, bu qələbənin əldə olmasında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun və rayonumuzda fəaliyyət göstərən sahibkarların və kulinarların əvəzsiz xidmətləri vardır.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Livanda keçirilmiş Beynəlxalq Kulinariya Çempionatı haqqında ətraflı danışdı, komandanın qazandığı Kuboku Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhərində saxlamaqdan ötrü icra başçısının müavini M.Cəfərzadəyə təqdim etdi. Tədbirdə digər çıxışçılar isə komanda üzvlərinin qələbəsi Lənkəran camaatının sevincinə səbəb olduğunu bildirdilər, gələcəkdə onlara daha böyük uğurlar qazanmağı arzuladılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü