Bakıda köhnə evlərin sökülərək yerində yeni binaların tikilməsi prosesi getdikcə artır. Artıq şəhərin müxtəlif ərazilərində pilot layihələrin icrasına başlanılıb. Təbii ki, evləri sökülən vətəndaşlara bunun müqabilində yeni tikilən binadan nisbətən daha geniş mənzil verilir, ya da mənzilin dəyəri ödənilir.
Bəzi hallarda isə evləri sökülən vətəndaşlara yeni tikilən binadan veriləcək mənzilin sahəsi onun evinin sahəsindən kiçik olur. Bu da evləri sökülən vətəndaşlarla şirkət arasında narazılığa səbəb olur. Belə bir halla paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 22 ünvanında yaşayan sakinlər üzləşir. Onlar mənzillərin söküntüsünə görə onlara təklif edilən şərtlərlə razılaşmırlar. Sakinlər qeyd edir ki, "Nərimanov ESTATE" şirkəti onlarla yekun razılığa gəlmədən mənzillərini sökməyə cəhd edir: “Şirkət normal şəraiti mənzillə bizi təmin edərsə biz söküntüyə razılıq verərik. Şirkət bizimlə razılığa gəlmədən mənzilimizi sökməyə çalışır. Bu nə dərəcədə düzgündür? Şirkətin təklifi bizi heç cür qane etmir. Şirkət bizə kvadrata görə 1500 manat təklif edir. Biz həmin məbləğlə heç Bakıətrafı ərazidən belə ev ala bilmərik”.
“Tikinti şirkətləri bir kvadratmetr üçün adətən 1500 manat təklif edirlər, amma mənzilin qiyməti yerindən asılı olaraq 1550-1800 ola bilir”
Məsələ ilə bağlı iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, kompensasiya verilməsi ilə bağlı qanunvercilikdə nəzərdə tutulan norma və qaydalara əməl olunmur: “Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, daşınmaz əmlakı vətəndaşın əlindən alınarkən əmlakın bazar dəyərindən əlavə ona 20% artıq kompensasiya verilməlidir. Bundan başqa, dövlət ehtiyacları üçün alınma zamanı əlavə 10% kompensasiya verilməsi nəzərdə tutulur. Amma bəzi hallarda tikinti şirkətləri qaydalara uyğun ölçüdə vətəndaşa mənzil vermirlər. Məsələn, vətəndaşın əlində 100 kv.m-lik əmlakı var. Həmin normalara görə, dövlət ehtiyacına görə əmlak onun əlindən alınırsa ona təqribən 130 kv.m və bir qədər artıq mənzil sahəsi verilməlidir. Amma pilot layihələri icra edən təşkilat bu ölçüdə mənzilin olmadığını əsas gətirərək vətəndaşa daha kiçik ölçüdə əmlak təklif edir və yaxud bu tipli müxtəlif problemlər ortaya çıxır”.
Ekspert onu da əlavə etdi ki, şirkətlər tərəfindən adətən evi sökülən vətəndaşa ödənilən pul mənzilin dəyərindən daha aşağı olur: “Tikinti şirkətləri bir kvadratmetr üçün adətən 1500 manat təklif edirlər, amma mənzilin qiyməti yerindən asılı olaraq 1550-1800 ola bilir”.
Günel CƏLİLOVA