Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqların psixoloji vəziyyətlərini, təhsil səviyyələrini müəyyən etmək üçün növbəti görüş keçirildi. Görüşdə ilk öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra təşkilat sədri və layihə rəhbəri Lamiyə İsazadə çıxış edərək bu görüşün əvvəlki görüşlərdən bir az fərqli olacağını tədbir iştirakçılarına və uşaqların diqqətinə çatdırdı. Gəncə uşaq evindəki uşaqlarla layihə çərçivəsində sayca dördüncü görüş keçirildi. Əvvəlki üç görüşdə uşaqlarla görüşə sadəcə psixoloq və təhsil işçiləri dəvət olunsa da, bu dəfə uşaqları sevindirmək məqsədilə görüşə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu fəxri qonaq kimi dəvət olundu. Baba Vəziroğlu uşaqlarla ilk öncə təhsilin həyatımızdakı rolundan, vacibliyindən danışdı. Sonra isə uşaqlarla müxtəlif mövzularda səmimi söhbətlər apardı. Gəncə uşaq evindəki məktəbli uşaqlarla layihə çərçivəsindəki görüşlərdə onların sadəcə təhsil, bilik və psixoloji səviyyələri yoxlanılsa da, Baba Vəziroğlunun görüşə qatılması ilə uşaqların həm də incəsənətə, şeirə maraqları, istedadları da yoxlanılmış oldu. Valideyn himayəsindən məhrum olan uşaqlar müxtəlif şeirlər söyləyərək tədbirə rəngarənglik qatdılar, öz istedadlarını nümayiş etdirdilər.