2021-ci ilin 16 oktyabrında “Metro City” ticarət mərkəzində yanğın baş vermişdi. Yanğın zamanı 31 nəfər sahibkarın malları yandı. Yanğından zərər görən sahibkarlar indi müdriyyətlərindən nə kompensasiya, nə də işləmək üçün yer ala bilir. Şikayətçilər deyir ki, müdriyyətdən bildiriblər ki, sığorta onlara pul ödəyən kimi onlar da mal sahiblərinə kompensasiya verəcəklər. Sahibkarlar deyir ki, onlara ümumilikdə 1 milyon manata yaxın ziyan dəyib, amma 6 aydır bu məbləğdən heç nə ödənmir. Altı aydır işsiz qalan şikayətçilər ailə üzvlərinin köməyi ilə, ya da tanışlarından borc alaraq yaşadıqlarını deyirlər. Onlar ticarət mərkəzinin yaxın müddətdə təhvil veriləcəyindən əllərini üzüblər, yeganə istəkləri onlara dəymiş maddi zərərin ödənilməsidir.
“Hadisənin üstündən bir il keçib, bu müddət ərzində dükan sahiblərinə kompensasiya verilməli, onlara dəstək olunmalı idi”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Hər mağazada ən azı 50-60 min manatlıq malları olub: “Hadisənin üstündən bir il keçib. Bu müddət ərzində dükan sahiblərinə kompensasiya verilməli, onlara dəstək olunmalı idi. Nəzərə almaq lazımdır ki, onlar ailə, uşaq sahibidirlər. Kompensasiya ödənilənə qədər satıcılara şərait yaradılmalıdır ki, onlar mallarını başqa bir obyektdə satsın. Belə olarsa, onların sosial durumu elə də çətin olmaz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün ticarət mərkəzlərində olan dükanlar sığortalanmır. Xoşagəlməz hadisə baş verən zaman isə çarəsiz durumda dükan sahibləri, satıcılar qalır. Bu səbəbdən də ticarət mərkəzinin sahibindən öncə sahibkar sığorta məsələsində maraqlı olmalıdır.
Günel CƏLİLOVA