Sabunçu rayonu Bakıxanov qəsəbəsində uzun illər fəaliyyət göstərən Adil İsgəndərov adına Mədəniyyət Sarayı bu gün sanki yerli qurumlar tərəfindən unudulub. Nəinki Bakıxanov qəsəbə sakinlərinin, eləcə də digər qəsəbələrin istedadlı uşaq, yeniyetmə və gənclərinin müxtəlif incəsənət, idman və sair sahələrlə məşğul olduğu saray bu gün iflic vəziyyətdədir.
Sözügedən Mədəniyyət Sarayı illər əvvəl təmir adı ilə sökülsə də, hələ də təmir edilməyib. Sakinlər deyir ki, sarayı dağıtsalar da, onu yenidən bərpa etmirlər. A.İsgəndərov adına Mədəniyyət Sarayının yenidən tikilməməsinə narazılıq edən sakinlər məsələni araşdırmağımız üçün bizə müraciət ediblər. “Bakıxanov qəsəbəsində əvvəl Mədəniyyət sarayı vardı. İllər öncə söküldü. Halbuki, ondan əvvəl tikilmiş belə mədəniyyət ocaqları bu gün də fəaliyyət göstərir. Mədəniyyət sarayı söküldü, lakin yerinə yenisi inşa olunmadı. Hazırda sarayın yeri boş qalıb, dörd tərəfdən hasarlanıb. Bu məsələ ilə maraqlanan yoxdur”.
Şikayətçilər bildirirlər ki, sarayın yerinin boş qalması onları ciddi narahat edir. Vaxtilə qəsəbə kitabxanalarından birinin də bu sarayda yerləşdiyini deyən sakinlərin sözlərinə görə, bu gün sanki qəsəbə iflic vəziyyətdədir, o kitabxananın da taleyi müəmmaya bürünüb.
Bakıxanov sakinləri deyirlər ki, bu gün ölkənin ən müxtəlif yerlərində mədəniyyət sarayları tikilib istifadəyə verilir, yararsız olanlar isə əsaslı şəkildə bərpa edilir. Onların sözlərinə görə, bircə A.İsgəndərov adına Mədəniyyət Sarayı unudulub, yada düşmür. Sakinlərin bildirdiyinə görə, sarayın təmiri “2014-2016-cı illərdə Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi nkişafına dair Dövlət Proqramına salınsa da, o təmir edilmək əvəzinə sökülüb, sökülən binanın yerində isə heç bir tikinti getmir.
Adil İsgəndərov adına Mədəniyyət Sarayı hansı səbəbdən inşa edilmir?
“...Orada sözügedən nazirlik iş aparıb”
Sakinlərin şikayəti ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxladıq. İcra başçısının köməkçisi “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən saray RİH-in tabeliyindən çıxarıldığı üçün bu barədə şərh verə bilməzlər: “Adil İsgəndərov adına Mədəniyyət Sarayı bizim balansımızda deyil. Bu saray bir neçə il əvvəl Fövqaladə Hallar Nazirliyinin balansına verilib. Bu birbaşa onlara tabe olan qurumdur, orada sözügedən nazirlik iş aparıb. Ümumiyyətlə, mədəniyyət sarayları rayon icra hakimiyyətlərinin tabeliyində olan qurumlar deyil”.
İradə SARIYEVA