Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı var. Yeni inşa edilən binalarda çıxarış problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir.
Sakinlər illərdir yeni tikilən binalardan ev alıb yaşasalar da, mənzillərinə tam mülkiyyətləri yoxdur. Yəni evlərinin çıxarışlarını ala bilməyiblər. Belə bir problemlə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ''V massivi'' 5 D ünvanında yerləşən 17 mərtəbəli binanın sakinləri üz-üzədir. Sakinlər qeyd edir ki, onlar mənzillərinə çıxarış ala bilmirlər. Sakinlərin sözlərinə görə, bu sənəd üçün onlardan pul tələb edilir: “2008-ci ildə “Ayla” mənzil tikinti koperativi tərəfindən bina inşa edilib. Həmin vaxt müqavilə əsasında ödəniş edərək, mənzil aldıq və buna dair maliyyə arayışlarımız var. 2019-cu ildə bina dövlət qeydiyyatına alınarkən MTK-nın təsisçisi Əli Abışov binadakı 240 mənzildən 28-nə çıxarış almaq üçün eskiz layihəsi verməyib. MTK-nın təsisçisi Əli Abışov sözügedən sənədi onlara verməmək üçün sakinlərin adına olan müqavilə sənədini də ləğv edib”.
Qeyd edək ki, bu kimi problemlər mütəmadi olaraq gündəmə gəlir.
“MTK rəhbərləri mənzil çıxarışı ona görə verməkdə maraqlı deyillər ki, evin alqı-satqısı zamanı…”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, paytaxtda dövlət qeydiyyatına alınmayan kifayət qədər ev var. Ekspert çıxarışın verilməməsi, yaxud da gecikdirilməsində əsas məsuliyyətin mənzil-tikinti kooperativlərinin üzərinə düşdüyünü deyir: “Hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir. MTK rəhbərləri mənzil çıxarışı ona görə verməkdə maraqlı deyillər ki, evin alqı-satqısı zamanı vətəndaşlar tikinti şirkəti ilə müqavilə bağlayırlar. Bu da müəyyən gəlirin əldə edilməsi deməkdir”.
Günel CƏLİLOVA