Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə bu gün də geniş tədbirlər həyata keçirilir.
Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazım olan bütün zəruri işlər görülür. Hər kəsə yaxşı məlumdur ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlər və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək, sutka ərzində, demək olar ki, fasiləsiz çalışırlar.
Koronavirus infeksiyası ilə mübarizə aparan həkimlərin əməyinin qiymətləndirilməsi məqsədilə ölkə başçısının tapşırığına əsasən, tibb işçilərinə daha yüksək əməkhaqqı verilməlidir. Gözəgörünməz virusla mübarizə aparan həkimlərimizə yüksək əməkhaqqı verilir. Ancaq “Yeni Klinikanın tibb personalına 2 aydan çoxdur ki, COVID-19-a görə əməkhaqları ödənilmir. Adıçəkilən klinikada çalışan həkimlər bildirir ki, COVID-19-a görə əməkhaqlarının ödənilməsi may ayının 1-nə kimi uzadılsa da, işçilərə ödəniş edilmir: “Aprel ayının ortasıdır, amma biz hələ də fevral ayının əməkhaqlarını ala bilməmişik. Klinikanın maliyyə şöbəsinə bu haqqda məlumat verdikdə isə, bizə problemin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı olduğunu bildirirlər”.
“Siyahı daxil olduqdan sonra 3 iş günü ərzində Agentlik tərəfindən müddətli əlavələrin ödənilməsi həyata keçiriləcək”
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, Yeni Klinikadan cari ilin fevral ayı üzrə siyahı Agentliyə daxil olmayıb: “Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə verilən müddətli əlavə və mükafatlar tibb müəssisələri tərəfindən daxil olan siyahılara uyğun olaraq ödənilir. Məlumat üçün bildirək ki, Yeni Klinikadan cari ilin fevral ayı üzrə siyahı Agentliyə daxil olmayıb. Siyahı daxil olduqdan 3 iş günü ərzində Agentlik tərəfindən müddətli əlavələrin ödənilməsi həyata keçiriləcək”.
Günel CƏLİLOVA