Məişət tullantılarının daşınması üçün yerlərdə zibil qutuları, zibil konteynerləri quraşdırılsa da, mütləq getdiyimiz yerdə ayağımıza zibil dolaşmalıdır: tibbi maskalar, meyvə tullantıları, dondurma və konfet kağızları, polietilen torbalar, siqaret qutuları və kötükləri...
Düzdür, Bakıda məişət tullantılarının toplanması və emalı sahəsində müəyyən səliqə-sahman yaradılıb. Ancaq bölgələrdə bu problem hələ də yaşanır. Astaranın Ərçivan qəsəbəsində zibil konteyneri ilə bağlı problem yaşanır. Belə ki, Ərçivan qəsəbəsində bir dənə də olsun zibil konteyneri yoxdur. Bu səbəbdən məişət tullantılarını hara gəldi atan sakinlər Ərçivançayın sahillərini hədəf seçirlər. Həmin ərazidə yaşayan sakinlər qeyd edir ki, Astara rayon Ərçivan qəsəbəsinin ərazisindən keçən Ərçivançay məişət tullantıları ilə çirklənib: “Ərazidə xoşagəlməz görüntü hökm sürür. Zibilin iyindən bu ərazidə keçmk mümkün deyil. Problemin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik, lakin heç bir reaksiya verilmir”.
Astara RİH: “Astara rayonu Ərçivan qəsəbəsində məişət tullantılarının atılması üçün konteynerlər mövcud deyil”
Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətindən bildirildi ki, qeyd olunduğu kimi Astara rayonu Ərçivan qəsəbəsində məişət tullantılarının atılması üçün konteynerlər mövcud deyildir: “Cari ildə problemlə bağlı Ərçivan bələdiyyəsi və rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub”.
Elxan Əliyev: “Bölgələrdə məişət tullantılarının daşınması ilə bağlı problem yaşanır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, məişət tullantılarının qalaqlanması, vaxtında daşınmaması halları ilə tez-tez qarşılaşırıq: “Ümumiyyətlə, istər mərkəz ərazilərdə, istər bölgələrdə, istərsə də kənar qəsəbələrdə bu, həll edilməyən problem olaraq qalır. Bəzi ərazilərdə isə məişət tullantıları yandırılır. Belə olan halda, ətrafa qatı tüstü, zəhərli maddələr yayılır. Yerli sakinlər isə bu tüstü ilə nəfəs almaq məcburiyyətində qalırlar. Ümumiyyətlə, aidiyyəti qurumlarda məişət tullantılarının daşınmasına nəzarət edən şöbələr var. Lakin həmin şöbələr vəziyyətdən sui-istifadə edir. Nəticədə əziyyət çəkən yenə əhali olur”.
Günel CƏLİLOVA