Dövri olaraq mətbuatda bankomatların qarşısında uzun növbələrin olması barədə məlumatlar yer alır. Xüsusilə də ayın bəlli günlərində maaş və pensiya almağa qaçan vətəndaşlar növbələrdə xeyli vaxt itirməli olurlar.
Bu azmış kimi, uzunmüddətli bayram günlərində insanlar pul qıtlığı problemi ilə üzləşirlər. Çünki qeyri-iş günləri bankomatlar vaxtında pulla təmin edilmir və buna görə də pul çatışmır. Bəzi hallarda isə aparatın nasaz olması səbəbindən pul çıxartmaq mümkünsüz olur. Hər bir halda isə zərbə qazancı ancaq aylıq məvacibdən ibarət olan vətəndaşa dəyir.
Əhalinin sıx olduğu yerlərdə bankomatların sayı çox olmalıdır. Ancaq bu gün bəzi bölgələrdə, eləcə də paytaxt ərazisində bankomat problemi yaşanır. Bakıda 700 ailənin məskunlaşdığı yaşayış kompleksində bankomat yoxdur. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeyd olunan problem yaşanır. Baxmayaraq, bu qəsəbədə 400-ə yaxın şəhid və qazi ailəsi yaşayır. Həmin şəhərcikdə, digər vətəndaşları da nəzərə alsaq, ümumilikdə 700 ailə məskunlaşıb. Bankomatın olmaması səbəbindın xeyli sayda əhali maaş və təqaüdlərini almaq üçün uzaq məsafə qət etməli olurlar.
Sakinlərin dediyinə görə, üzləşdikləri problemlə əlaqədar dəfələrlə banklara dəfələrlə müraciət ediblər.
Məlumat üçün qeyd edək ki, pensiya və sosial müavinətlərin verilməsini həyata keçirən "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bank”ıdır.
“Bankın proseduruna və təhlükəsizlik qaydalarına uyğun gələrsə qeyd olunan ərazidə bankomatın quraşdırılması həyata keçirilə bilər”
"Kapital Bank" İctimayətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, sakinlərin bu problemi araşdırılacaq.
P.Sədrəddinov onu da əlavə etdi ki, məsələ ilə bağlı sakinlər “Kapital Bank”ın istənilən filialına müraciət edə bilərlər: “Bankın proseduruna və təhlükəsizlik qaydalarına uyğun gələrsə, qeyd olunan ərazidə bankomatın quraşdırılması həyata keçirilə bilər”.
Günel CƏLİLOVA