Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqların psixoloji vəziyyətlərini, təhsil səviyyələrini müəyyən etmək üçün növbəti görüş keçirildi. Layihə rəhbəri Lamiyə İsazadə çıxış edərək layihə haqqında uşaqlara bir daha geniş məlumat verdi. Uşaqlarla hər görüşdə psixoloq və təhsil eksperti də iştirak edir. Psixoloqun uşaqlarla ikinci görüşdəki mövzusu “dostluq” haqqında oldu. Əsl dostluğun necə olması haqqında uşaqlarla geniş fikir mübadiləsi aparıldı. Sonra təhsil eksperti uşaqların dünya görüşünün, biliklərinin hansı səviyyədə olmasını öyrənmək üçün uşaqlarla Ulu Öndərimiz Heydər Əliyevin həyatı haqqında və Azərbaycanın Zəfər günü, Konstitusiya günü və digər bayram günləri haqqında sorğu sual etdi. Layihə çərçivəsində valideyn himayəsindən məhrum olan uşaqlarla 8 dəfə görüş keçirilməsi nəzərdə tutulub. Hər görüşdə psixoloq və təhsil eksperti uşaqlarla müxtəlif mövzularda söhbətlər aparacaqdır.