Son dövrlər ölkədə, xüsusən də Bakı şəhərində tikinti sahəsində ciddi problemlər yaranır. Buna səbəb tikinti işlərinin plansız aparılması və müvafiq qaydalara riayət olunmamasıdır. Şəhərin mərkəzində, demək olar ki, xaotik vəziyyət yaranıb.
Tikinti işləri o qədər nizamsız aparılıb ki, həm şəhərin gözəlliyinə xələl gəlir, həm də avtomobil və piyadaların hərəkəti çətinləşir. Bundan ələvə, küçə və xiyabanların icra hakimiyyəti başçıları tərəfindən müxtəlif məqsədələr üçün iş adamlarına satılması və nizamsız olaraq obyektlərin tikilməsi narahatlıq yaradır. Hətta iş o yerə çatıb ki, ölkə başçısı da məsələyə sərt reaksiya vermək məcburiyyətində qalaraq, qanunsuz, Baş Plana uyğun olmayan tikintilərə icazə verən məmurların cəzalandırılacağını bəyan edib. Ancaq buna baxmayaraq, bu gün də yol kənarında qanunsuz tikililər həyata keçirilir.
Belə bir hal Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb. Qanunların icazə vermədiyi ərazidə qısa bir müddətdə, ildırım sürətilə qeyri-yaşayış obyekti tikilib. Qeyd edək ki, obyekt kənd təsərrüfatı təyinatı olan torpaqda inşa edilib. Məlumatlara görə, həmin obyektin rəsmi sənədi belə yox imiş. Həmin ərazidə yaşayan sakinlər qeyd edir ki, obyekt yolun kənarında inşa edilib. Gələcəkdə o yolu genişləndirmək tələbatı yaransa, bu heç cür mümkün olmayacaq. Həmçinin, həmin yoldan istifadə edən avtomobil istifadəçiləri məlum obyektə görə yolun darlığından narazılıq edir.
“Tikinti barəsində araşdırma yekunlaşdıqdan sonra söküntü işlərinin həyata keçirilməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq”
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, ərazidə qanunsuz tikinti aparılmasından xəbərləri olmayıb. Buna görə də həmin tikinti barəsində ciddi addım atılacaq: “Tikinti barəsində araşdırma yekunlaşdıqdan sonra söküntü işlərinin həyata keçirilməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq”.
Günel CƏLİLOVA