Ağdam rayon 71 nömrəli məktəbin direktoru Ülviyyə Mahmudova sosial şəbəkə hesabında heyvana şiddəti əks etdirən videogörüntü paylaşıb. Maraqlısı odur ki, direktor bunu təcrübə adı ilə həyata keçirib. Biologiya müəllimi olduğu deyilən direktorun şagirdlərin gözü önündə qurbağaya şiddət göstərməsi isə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqidlərə səbəb olub.
Orta məktəb şagirdlərinin gözü önündə heyvana işgəncə verilməsi nə dərəcədə düzgündür? Nəzərə almaq lazımdır ki, bu cür təcrübələr Tibb Universitetində keçirilir. Məktəblilərin gözü önündə heyvanın qəddarlıqla öldürülməsi onların psixologiyasına mənfi təsir göstərir.
İlqar Orucov: “Müəllimin diri qurbağa üzərində təcrübə apararaq dərs izah etməsində qınamalı məqam yoxdur”
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, müəllimin diri qurbağa üzərində təcrübə apararaq dərs izah etməsində qınamalı məqam yoxdur: “Bir çox ölkələrdə şagirdlərə bu cür əyani təcrübələr nümayiş etdirilir. Xüsusilə nəzərə alsaq ki, ali təhsil müəssisələrində birbaşa diri heyvanlar üzərində təcrübələr aparmaq ənənəsi mövcuddur. Hətta Tibb Universitetində insan meyiti üzərində də təcrübələr aparılır. Hesab edirəm ki, qurbağa üzərində təcrübə aparmağı qınamaq doğru deyil. Müəllim izah etmək istədiklərini sadəcə əyani üsulla şagirdlərə çatdırıb. Burada isə qəbahət yoxdur. Təhsildən başı çıxan-çıxmayan hamı bu kimi məsələlərdə müəllimi qınamağa üstünlük verir. İnternetdə araşdırma aparsanız görərsiniz ki, təhsil tutumlu ölkələrdə bu kimi təcrübələr mövcuddur. Bu təcrübələr yalnız ona hədəflənib ki, şagirdlər mövzunu daha yaxşı başa düşə bilsinlər. Bir var nəzəri biliklər üzərindən tədris aparasan, bir də var nəzəri biliklərdən sonra ənənəvi formada bunları göstərə, nümayiş etdirəsən. Bu daha çox yaddaqalandır. Bu həm də həmin fənni sevdirir. Bu baxımdan həmin müəllimin hərəkətində yanlışlıq yoxdur və mən onu dəstəkləyirəm”.
71 nömrəli məktəb - Ülviyyə Mahmudova: “Həmişəki üsulla dərslərimi keçirəm, hansı ki, bizə də...”
Təcrübəni aparan Ağdam rayon 71 nömrəli məktəbin direktoru Ülviyyə Mahmudova bildirdi ki, həmişəki üsulla dərslərini keçir: “Mən həmişəki üsulla dərslərimi keçirəm, hansı ki, bizə də Bakı Dövlət Universitetində dərslər bu üsulla tədris olunurdu. Sadəcə, bu qədər ajiotaj doğuracağı yatsam, yuxuma da girməzdi. İnsanlar nə axtarırlar, onu da bilmirəm. Bir balaca elmdən, biologiyadan başı çıxan adamlar bilir ki, o təcrübəni bu gün mən kəşf etməmişəm. Orada "direktor işgəncə verdi", "öncə başını kəsdi, sonra qarnını yardı" deyə başlıqlar yazaraq bunu mediaya verənlərin məqsədi nədir, onu da anlamış deyiləm”.
Könül İsmayılova: “Şagirdlərin gözü önündə heyvana işgəncə verilməsi düzgün deyil”
Psixoloq Könül İsmayılova qeyd etdi ki, şagirdlərin gözü önündə heyvana işgəncə verilməsi düzgün deyil: “Bu tip təcrübənin aparılması məktəblilərin yaşına uyğun deyil. Bu hal onların davranış qaydalarına təsir edə bilər. Şagirdlər istənilən heyvanı tutub, onun üzərində eyni təcrübəni tətbiq edə bilər. Bu səbəbdən də bu cür təcrübələrin aparılması münasib deyil”.
Günel CƏLİLOVA