Ölkəmizdə taksi xidmətləri göstərən şirkət və aqreqatorların sayı artıqca bu sahədə çalışan vətəndaşların sayı da ilbəil çoxalıb. Belə ki, “Bolt”, “Uber” kimi bütün dünyada istifadə olunan tətbiqlərin ölkəmizdə istifadəsinə başlanması ənənəvi taksi anlayışında da ciddi dəyişikiliklər yaradıb.
Artıq minik avtomobili olan istənilən vətəndaş sadəcə tətbiqi yükləməklə taksi fəaliyyəti ilə məşğul olmaq imkanına malikdir. Bu isə bir sıra problemləri də bərabərində gətirib. Narahatlıqlar, istər sərnişinlər, istərsə də sürücülər arasında mövcuddur. Belə ki, sərnişinlər qiymətlərin uyğun olmasından razı olsalar da, xidmətdəki nöqsanlarla bağlı şikayətlərin sayı-hesabı yoxdur. Sürücülər isə operatorların yüksək faiz dərəcələrindən və qeyri-rəsmi şəkildə, heç bir iş qrafiki olmadan çalışmalarından narahatdır.
Bununla yanaşı, moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması faktı günü-gündən artır. Yollarda avtomobillərin arası ilə ildırım sürətilə ötüb keçən, tıxacda hətta səkiyə dırmaşıb özünə yol açan, piyadaları belə saya salmayan mopedləri – motosikletləri hamımız görürük. Tələsirlər. Sifariş çatdırmağa və qazanc əldə etməyə. Onlar belində qutu gəzdirən moped sürücüləridir. Hazırda daşıyıcı, ünvandan-ünvana çatdırılma ilə məşğul olan şirkətlər çoxdur. "Bolt Food", "Glovo", "Fonibo", "189 delivery", "Getir", "Voop", "Tuk-Tuk", "Zənbil"... Çatdırılma xidməti velokuryer, avtomobil, piyada və yüngül motosikletlərlə həyata keçirilir. "Wolt" şirkətinə mənsub daşıyıcılar lap çoxdur. Gündəlik qazancları təxminən 30-40 manat olur.
Araşdırmalara görə, gündəlik olaraq bir və ya bir neçə motosiklet qəzası baş verir. Bunların böyük əksəriyyəti qida çatdırılması ilə və ya kuryerliklə məşğul olanlardır.
Qeyd etdiyimiz kimi, “Bolt”, “Uber”, motosiklet və mopedlərlə bağlı narazılıqların sayı günü-gündən artır. Adıçəkilən nəqliyyat vasitələrinin iştirakı qeydə alınan yol-qəza hadisələrinin sayının artması şəhər infrastrkturunun pozulmasına səbəb olur.
“Dövlət qeydiyyat nişanı olmadığına görə, qəza törədən və yaxud qaydaları pozan moped sürücülərinin tapılmasında çətinlik yaranır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı yeni layihəyə, həqiqətən də, ehtiyac var. Hazırda Bakıda taksi fəaliyyəti 3 istiqamətdə həyata keçirilir: “Özünün avtomobil parkı olan şirkətlər, avtomobil parkı olmayan operatorlar və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar. Hər üç istiqamətdə vahid layihə hazırlanmalıdır ki, nə sürücülərimiz, nə də sərnişinlərimiz əziyyət çəksin”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, indiyə qədər Azərbaycanda mopedlərə nəqliyyat vasitəsi kimi deyil, idman və əyləncə vasitəsi kimi baxılıb: "Bununla belə, koronavirus (COVID-19) pandemiyası dövründə daşınmalara tələbatın artması ilə bu tip nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Bizim sürücülər yollarda bu tip nəqliyyat vasitələrini görməyə alışmadığı üçün bəzən qəzalar olur. Qəzaların böyük əksəriyyəti kiçik həcmli motora malik moped və motosikletləri sürənlərin ucbatından baş verir. Bəzi hallarda dövlət qeydiyyat nişanı olmadığına görə qəza tərədən və yaxud qaydaları pozan moped sürücülərinin tapılmasında çətinlik yaranır. Belə hallarda sığorta şirkətlərinin zərəri ödəməsi və digər məsələlərlə bağlı problemlər ortaya çıxır. Bu mənada, tənzimlənmə bir tərəfdən yol polisinin işini asanlaşdıracaq, digər tərəfdən isə bu tip qəzaların profilaktikası baxımından səmərəli olacaq".
Həmsöhbətimiz onu da əlavə etdi ki, mühərrik həcmi və sürəti kiçik avtomobil vasitələrinə dövlət nömrə nişanı verilmir və onların qeydiyyatı aparılmır. Sürücülük vəsiqəsi də tələb olunmur. Bu da motosiklet sürücülərinin məsuliyyətdən kənarda qalması deməkdir.
Günel CƏLİLOVA