6 aprel tarixində Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərinə və dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin Şuşa ili elan olunduğunu diqqətə çatdırmış və konsertin bu əlamətdar hadisəyə həsr edildiyini qeyd edib. Səfir çıxışında bildirib ki, 2022-ci ilin noyabr ayında dünya şöhrətli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə başçısının Sərəncamına uyğun olaraq möhtəşəm tədbir təşkil ediləcək. Səfir, Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etməsi barədə konsert iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, 100 illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.
Braziliya ilə Azərbaycanın, bütün sahələrdə olduğu kimi, musiqi sahəsində də dərin bağlılığının olduğunu bildirən səfir bu bağlılığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Daha sonra maestro Yalçın Adıgözəlovun dirijorluğu altında Braziliya Dövlət Simfonik Orkestri tamaşaçılara geniş musiqi proqramını təqdim edib. Bu əlamətdar gecədə konsert dinləyiciləri Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” Simfonik muğamı, “Nəsimi Dastanı” və Vasif Adigözəlovun 3 nömrəli piano və orkestr ücün konserti ilə tanış olmuşlar. Fortepianoda Braziliyanın ən tanınmış pianoçusu, Braziliya və beynəlxalq mükafatlar sahibi Kristian Budu əsərin Cənubi Amerika premyerasını təqdim edib.
Konsert Rio de Janeyro şəhərinin ən böyük konsert mərkəzi olan Cidade Das Arches-in “Grande Sala” zalında baş tutmuş və çoxsaylı tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanıb. Konsertə yerli tamaşaçılarla yanaşı şəhər meriyasının əməkdaşları, Braziliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Rio de Janeyroda fəaliyyət göstərən Azərbaycan bələdiyyə məktəbinin müəllim və tələbə heyəti və xarici qonaqlar qatılıb. Konsertin sonunda orkestr və dirijor bütün dinləyicilər tərəfindən ayaqda alqışlanmış və maestro Yalçın Adıgözəlov bir neçə dəfə səhnəyə dəvət edilib.
Qeyd olunmalıdır ki, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında baş tutmuş bu konsert Braziliyada COVİD-19 pandemiyasının başlanmasından sonra Azərbaycana həsr edilmiş ilk musiqi tədbiri olmuşdur. Son 10 il ərzində maestro Adıgözəlov Braziliyada ümumilikdə 6 konsert keçirib və yerli dinləyiciləri Azərbaycan musiqi inciləri ilə yaxından tanış edərək, musiqimizi onlara sevdirib.