İstifadə müddətini çoxdan başa vurmuş yataqxanalar ölkə ərazisində yetərincədir. Bu tip yataqxanaların yanından ötəndə adamı qaramat basır. Uçuq-sökük binalar, köhnə, qaralmış taxta parçaları ilə ətrafları sarılan eyvanlar və s…
Demək olar ki, ömrünü çoxdan başa vurmuş sovetdənqalma binalar artıq "kliniki ölüm” keçirib. Sadəcə, süni nəfəs aparatına qoşulub ki, məcburən bioloji ömrü uzansın. Bu yataqxanalardakı yaşayışı həyat saymaq, sadəcə mümkün deyil. Danılmaz faktdır ki, bu tip binalarda yaşayanların həyatı risq altındadır.
Belə “ölü” yataqxanalardan biri də Mingəçevir şəhəri Heydər Əliyev prospekti 86/1 ünvanındadır. Təxminən 60-70 il öncə inşa edilən bina əvvəllər toxuculuq kombinatının, daha sonra 69 saylı peşə məktəbinin yataqxanası olub.
1993-cü ildən isə burada Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarından məcburi köçkün olan sakinlər məskunlaşıb.
Sözügedən binada 50 qaçqın ailəsi qeydiyyatda olsa da, hazırda 28 ailə yaşayır. Zirzəmiyə dolan çirkab sular, binadan qopub düşən kərpic, beton parçalar yataqxanada yaşayanları ciddi narahat edir. Onlar binanın hər an uçmaq təhlükəsindən qorxurlar.
“Yataqxanada təmir işlərinin həyata keçirilməsi üçün Komitənin büdcəsində vəsait nəzərdə tutulmayıb”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, həmin yataqxana binası Komitənin balansında deyil: “Mingeçevir şəhərində məcburi köçkünlərin yerləşdiyi 69 saylı peşə məktəbinin yataqxanasında təmir işlərinin həyata keçirilməsi üçün Komitənin büdcəsində vəsait nəzərdə tutulmayıb”.
Mingeçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, qurumdan telefon zənglərimizə cavab verən tapılmadı.
Günel CƏLİLOVA