Respublikamızda böyük quruculuq işləri görülür. Ölkə rəhbəri hər bir azərbaycanlının rahat gün-güzəranı naminə sosial məsələlərin həlinə daha çox diqqət verir. Belə bir inkişaf olan halda cənub qapımız sayılan Astara rayonun bəzi kəndlərdə yararsız yollar sözün əsl mənasında sakinlərin rahatlığını əlindən alıb. Burada elə kəndlər var ki, dağılmış yolların üzündən içəri girmək olmur. Belə kəndlərdən biri də Maşxandır.
Məlumat üçün bildirim ki, Maşxan rayonun böyük yaşayış məntəqəsidir. İnsanları zəhmətə, torpağa bağlı olduqları kimi, dövlətə, onun rəhbərinə çox saqidirlər. Amma buranın bir sıra sosial problemləri maşxanlıları narahat edir. Ən əsası kəndin iç yollarında indi hərəkət etmək qeyri- mümkündür. Uzun illərdir vəziyyət belədir. Yəni Maşxanın iç yollarında asfalt örtüyü yoxdur.
Maşxanlılar deyirlər ki, yol mədəniyyətdir. Səlahiyyətli şəxslər bilə-bilə bizi bu mədəniyyətdən kənar salıblar. Artıq uzun müddətdir yollarımız bərbaddır. Asfalt örtüyü olmayan yollarda yayda toz-torpaq , qış, payız günlərdə isə palçıq əlindən tərpənək olmur. Hətta qonşu-qonşuya getməkdə çətinlik çəkir. Bir balaca yağış yağanda kənd boyu hərəkət zamanı ayağımızdan uzun boğaz rezin çəkmələri düşmür. Böyüklər bir yana qalsın, palçıqlı yollarda uşaqlar hər gün məktəbə getməkdə çətinlik çəkirlər. Kəndimizin yollarının təmirinə başlansa camaat da əlindən gələn köməkliyi edəcək.
Sözün qısası, Maşxanda kənd içi yollarının təmirinə ciddi ehtiyac vardır. Hələlik yerli rəhbərlər bu haqda düşünmək istəmirlər. Amma maşxanlılar öz Prezidentinə çox inanırlar. Bu işin yoluna düşməsində onun köməkliyinə tam əmindirlər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü