Bəzi yerli məmurlar xarici ölkə səfirliklərinin məktəb tikintisi üçün ayırdığı vəsaiti belə mənimsəməkdən çəkinmirlər. Yaponiyanın Azərbaycandakı səfirliyinin Azərbaycanda orta məktəb tikintisi üçün ayırdığı vəsaitlərin yarısından çoxu mənimsənilib. Nəticədə məktəbin tikintisi yarımçıq qalıb. Söhbət Hacıqabul rayonunun Kürsülü kəndində tikilən məktəb binasından gedir.
Bu məsələ ilə əlaqədar cinayət işi başlanıb, istintaq və məhkəmə araşdırmaları gedib. Ancaq son nəticədə yeyintidə günahkar sayılan şəxsə cəza verilməyib. Səfirlik bu məqsədlə "Sona" qadınlar təşkilatı ilə qrant müqaviləsi bağlayıb. Hacıqabul rayonu Atbulaq kənd bələdiyyəsi Kürsülü kəndində orta məktəb binasının tikintisi üçün 0.8 hektar torpaq sahəsi ayırıb. Razılaşmaya görə, bina bir il ərzində tikilməliydi. Səfirlik tikintiyə başlamaq üçün təşkilatın bank hesabına əvvəl 59 min 823 dollar vəsait köçürüb. İkinci dəfə daha 25 min 639 dollar pul köçüb. Ancaq bu vəsaitin təxminən 25 min dolları məktəb tikintisinə xərclənib. Yaponiya səfirliyi bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Səfirlik tikintinin dayandırıldığını görəndə işə cavabdeh olan tərəfləri axtarıb, amma onlarla əlaqə saxlaya bilməyib. Bundan sonra Nazirlər Kabinetinə müraciət edib. Hakimlər cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini əsas gətirərək bu məsələdə adı hallanan "Sona" qadınlar təşkilatının sədri Telli Məmmədovaya cəza təyin etməyib.
“Xarici səfirliklərin məktəb tikintisi ilə bağlı ayırdıqları vəsaitlərin mənimsənilməsi utancverici haldır”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, xarici səfirliklərin məktəb tikintisi ilə bağlı ayırdıqları vəsaitlərin mənimsənilməsi utancverici haldır: “Yaponiya səfirliyinin Azərbaycanda məktəb tikintisinə vəsait ayırması yeni deyil. Uzun illərdir Yaponiyanın Azərbaycandakı səfirliyi belə xeyriyyə işləri ilə məşğul olur. Özü də Yaponiya səfirliyi bunu təmənnasız edir. Bu da Azərbaycana olan xoş münasibətdən irəli gəlir. Hacıqabulun Kürsülü kəndində məktəb üçün nəzərdə tutulan vəsaitin 1 nəfər tərəfindən mənimsənilməsi real deyil. Çox güman ki, bu işdə “ortaq” olan tərəflər olub. Ümumiyyətlə, bəzi icra strukturları nəinki səfirliklərin məktəb tikintisinə ayırdığı vəsaitləri mənimsəyir, hətta bəzi azərbaycanlı xeyriyəçilərin məktəb tikintisinə mane olurlar. Burda icra qurumlarının məqsədi nədir? Məqsəd odur ki, bütün vəsaitlər bunların hesabına gəlsin. Sonra istədikləri kimi həmin vəsaitləri xərcləsinlər və öz faizlərini götürsünlər. Bu isə utancverici məsələdir”.
Professor onu da qeyd etdi ki, belə acgöz şəxslər mütləq cəzalandırılmalıdır.
Vidadi ORDAHALLI