Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqların psixoloji vəziyyətlərini, təhsil səviyyələrini müəyyən etmək üçün görüş keçirildi. Layihə rəhbəri çıxış edərək layihə haqqında uşaqlara geniş məlumat verdi. Uşaqlarla görüşdə psixoloq və təhsil eksperti iştirak etdi. Psixoloq uşaqlarla ilkin olaraq tanışlıq sonra isə gələcəkdə kim olmaq istədikləri və hədəflərinə çatmaq üçün necə çalışdıqları haqqında xeyli söhbət etdi. Sonra təhsil eksperti uşaqların bilik səviyyələrini yoxlamaq məqsədilə onlarla coğrafiya fənni üzrə sorğu sual etdi. Layihə çərçivəsində valideyn himayəsindən məhrum olan uşaqlarla 8 dəfə görüş keçirilməsi nəzərdə tutulub. Hər dəfə psixoloq və təhsil eksperti uşaqlarla müxtəlif mövzularda söhbətlər aparacaq. Uşaqların müxtəlif fənlər üzrə bilik səviyyələrini müəyyən etmək məqsədilə hər dəfə görüşə müxtəlif fənlər üzrə müəllimlərin dəvəti nəzərdə tutulub.