Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblər 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçib. Əsas səbəb kimi, bəzi məktəblərdə şagird sayının azalması, yuxarı siniflərdə davamiyyət göstəcilərinin həddindən artıq pisləşməsi göstərilir. Ancaq bu gün ucqar kənd yerlərində 9 illik təhsil problemi müşahidə olunur.
Belə ki, bu kəndlərin şagirdləri 10, 11-ci sinifləri digər məktəblərdə davam etdirməli olurlar. Ancaq həmin məktəblər uzaq olduğundan, bəziləri təhsilini yarımçıq qoyur. Belə bir problem Qubanın Üçgün kəndində olan ümumi orta məktəbdə yaşanır. Həmçinin. Tovuzun Qoşa, Pələkli və Qandallar kənd ümumi orta məktəblərində də oxşar vəziyyət yaşanır. Hətta elə bölgələrimiz var ki, orada 9 illik məktəblər 11 illik məktəblərdən daha çoxdur. Belə ki, Masallıda 66 tam orta, 126 ümumi orta, Lerikdə isə 38 tam orta, 45 ümumi orta məktəb fəaliyyət göstərir.
Təhsil Nazirliyindən bildirildi ki, məktəblər şagirlərin sayına əsasən formalaşdığından hamısını vahid 11 illik təhsil sistemə keçirmək mümkün deyil.
Araşdırmalara görə, 9 illik məktəblərin məzunlarının bir qismi tam təhsili davam etdirmir, yerdə qalanı qonşu kəndlərdə olan tədris müəssisələrinə gedir. Məktəb dəyişikliyi isə həmin şəxslərin ali məktəbə qəbulda nəticəsinə mənfi təsir edir.
“Ölkədə 800-dən çox ümumi orta məktəb var ki, onların da nəticələri digərləri ilə müqayisədə xeyli aşağıdır”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, kəndlərdə mövcud olan ibtidai, ümumi 9 illik məktəbləri bitirənlər bundan sonra digər kəndlərdə məktəblərə gedirlər: “Biz qəbul və buraxılış imtahanlarının nəticələrini təhlil edəndə bu amilin keyfiyyətə bilavasitə təsir göstərdiyini görürük. Belə ki, şagirdlərin digər məktəblərə gedişində davamiyyət problemi olur. Çünki digər kəndlərdə məktəblər uzaq məsafədə yerləşir və qış aylarında avtobus və digər nəqliyyat olmadığı üşün əlçatanlığa təsir edir. Ona görə də hər bir məktəbdə şagird sayından asılı olmayaraq tam orta məktəblər təşkil edilməlidir. Bu həm təhsilin keyfiyyətinə, həm də əlçatanlığına müsbət təsir göstərər".
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkədə 800-dən çox ümumi orta məktəb var ki, onların da nəticələri digərləri ilə müqayisədə xeyli aşağıdır: “9 illik ümumi təhsil müəssisələri Quba, Masallı və Ağdam rayonlarında da mövcuddur. Bu bölgələrdə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul faizi aşağıdır”.
Günel CƏLİLOVA