Bakıda əksər binalarda zirzəmilərin təyinatının dəyişdirildiyi müşahidə edilir. Paytaxtda 100-dən artıq istimar müddətini başa vuran qəzalı bina var. Bu binaların zirzəmiləri isə müxtəlif təyinatlı obyektlərə çevrilib.
Ümumiyyətlə, bu gün Bakıda zirzəmi sözü unudulmaq üzrədir. Ona görə ki, onların əksəriyyəti müxtəlif təyinatlı obyekt kimi istifadə edilir. Bəziləri isə çirkab sularına qərq olub. Normativlərə görə, bina zirzəmilərini obyekt kimi istifadə etmək olmaz. Çünki bu zaman binalar uça, konstruksiyası pozula bilər. Hələ ki, istismar müddəti başa çatmış binaların zirzəmisini heç olmaz. Sovet dönəmində şəhərin mərkəzə yaxın ərazilərində zirzəmilər sığnacaq kimi nəzərdə tutulub. Lakin sonradan onlar özəlləşdirildi, konstruksiya dəyişikliyi aparıldı. Əksər yerlərdə qeyri-yaşayış yerinə çevrilən zirzəmilər qazılır və binanın binövrəsini belə ötüb keçir. Bu, zatən qəzalı vəziyyətdə olan binaları daha da qəzalı edir. Əvvəllər köhnə binaların zirzəmilərinin 90 faizi kommunikasiya xətlərinin aparılması üçün istifadə olunub. İndi isə zirzəmilərə kustar üsulla kobud müdaxilələr edilir. Bu da binanın özəyinə birbaşa təsir edir.
Bu günlərdə gecə klubunda adi bir qaz balonunun partlamasına görə neçə nəfər yaralandı. Sabah qəzalı binalarda zirzəmilər üzündən uçqun olsa nəticələri daha ağır olar. O zaman buna görə kim cavab verər?
“Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra strukturları bunun yaratdığı risqləri nəzərə almaq istəmir”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, qəzalı binaların zirzəmilərindən qeyri-yaşayış məqsədilə istifadə olunması yolverilməzdir: “Çünki həmin zirzəmilərdə hansısa qəza baş versə, o zaman bunun nəticələri daha ağır olacaq. Ona görə də bu çox ciddi problemdir. Təəssüf ki, zirzəmiləri icarəyə verən təşkilatlar - Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra strukturları bunun yaratdığı risqləri nəzərə almaq istəmir. Belə binalarda zirzəmiləri icarəyə vermək olduqca təhlükəlidir. Ən azından ona görə ki, hansısa uçqun baş verərsə, bu, çoxsaylı insan tələfatı ilə nəticələnə bilər. O üzdən, mənzil təsərrüfatlarına baxan idarələr buna son dərəcə diqqətli yanaşmalıdır. Çünki bu səbəbdən hansısa ağır qəza baş verəcəksə, o zaman həmin zirzəmiləri icarəyə verən tərəflər buna görə cavab verməli olacaqlar. Bu səbəbdən hesab edirəm ki, belə halların qarşısı qəti şəkildə alınmalıdır”.
Partiya sədri onu da qeyd etdi ki, indidən tədbir görülməsə, sonra gec olacaq.
Vidadi ORDAHALLI