Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi ziyan dəyib. Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı 1 nəfər ölüb, 31 nəfər yaralanıb. Bundan başqa, gecə klubunda baş vermiş partlayış nəticəsində yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi ziyan dəyib. Belə ki, 1 mənzil, 2 qeyri-yaşayış obyekti, eləcə də 14 avtomobil partlayış dalğasına məruz qalıb.
Vətəndaşlara dəymiş ziyanın kim tərəfindən ödəniləcəyi ilə bağlı müxtəlif fikirlər səslənir.
Bəzi ekspertlər bildirir ki, birinci mülki məsuliyyətin icbari sığortası üzrədir. Hadisə baş verən əmlakın sahibi mülki məsuliyyətin icbari sığortasına malikdirsə, bu zaman üçüncü şəxslər, yəni obyektin içərisində olub zərər çəkən vətəndaşlar, çöldə zərər dəyən avtomobillər və obyektlərin sahiblərinə dəyən zərər bu sığorta ilə ödənə bilər. İkinci növ sığorta isə daşınmaz əmlakın icbari sığortasıdır. Daşınmaz əmlakın icbari sığortası, obyektin daxilində hər hansı ziyan varsa, onu qarşılayır.
İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, avtomobillərin icbari sığortası məcburi xarakter daşıyır: “Yəni onların sahiblərinin mülki məsuliyyətindən irəli gəlir. Bu o deməkdir ki, avtomobil hərəkəti zamanı başqa nəqliyyat vasitəsinə ziyan vurarsa, həmin xərci sığorta qarşılayır. Amma digər hallar həmin sığorta növünə aid deyil. Qanunda belə hal nəzərdə tutulmur. Başqa hadisələr nəticəsində dəymiş ziyanın ödənilməsi öhdəliyi vətəndaşla sığorta şirkəti arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Konstitusiyanın 68-ci maddəsində yalnız vəzifəli şəxslərin hakimiyyətdən sui-istifadə nəticəsində zərəçəkmiş şəxslərin dəyən ziyanın ödənilməsi ilə bağlı tələb etmək hüququ var. Dövlət tərəfindən ödəniş yalnız dövlət qulluqçularının vurduğu ziyan sübut olunduqda baş tuta bilər. Burada isə həmin hallar görülmür. Bu ziyanın ödənilməsi ilə bağlı tələb barın sahibinə yönəldilə bilər. Müvafiq dövlət qurumlarının səhlənkarlığı sübuta yetirilərsə, o zaman təqsirləndirilən şəxsə yönəldilə bilər. Əks təqdirdə zərəri elə vətəndaşın özü qarşılamalıdır”.
Məhəmmədəli QƏRİBLİ